Elnur Soltanov: “Şuşa şəhəri üzrə istilik qurğularının istifadə qaydaları artıq hazırdır”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Şuşa şəhəri üzrə istilik qurğularının istifadə qaydaları artıq hazırlanıb”.

“Trend” xəbər verir ki, bunu Azərbaycanın energetika nazirinin müavini Elnur Soltanov “Xəzər İnşaat Həftəsi” çərçivəsində panel müzakirələrdə deyib.

“Azərbaycanda ilk dəfə Şuşada gərginliyi birbaşa olaraq 35 kilovattdan 4 kilovatta qədər azaldan sistem qurulub. Bu, dünyada ən səmərəli paylama sistemlərindən biri hesab olunur. Hazırda proses davam edir. Şuşa şəhəri üzrə istilik qurğuları istifadə qaydaları artıq hazırdır. Binaların izolyasiya məsələsinin enerji itkilərində 50 faiz payı olur. Bu tələblərin yerinə yetirilməsi bütün dəyər zəncirində yəqin ki, ən mühüm məqamdır. Bu sahədə də addımlar atılır”, - o deyib.

Nazir müavini Qarabağda istehlak olunacaq bütün elektrik enerjisinin ekoloji təmiz mənbələrdən hasil olunacağını qeyd edib.

Onun sözlərinə görə, bp və digər şirkətlərlə bu istiqamətdə iş davam edir:

“Azərbaycanda bütün proseslər Prezident tərəfindən imzalanmış “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində həyata keçirilir. Beşillik fəaliyyət planı artıq hazırdır və biz onu təqdim edirik. Biz Azərbaycanı yaşıl enerji məkanına çevirməyə çalışırıq. Bu yaşıl enerji məkanında Qarabağ ayrıca yaşıl enerji zonası olmalıdır. Bu, sənədlərlə sabitlənmiş məsələdir və “Böyük Qayıdış” proqramı çərçivəsində nəzərdən keçirilir”, - o deyib.

0.082341194152832