Tanınmış modelyer məhkəmədən atasının qatillərinə ən ağır cəza verilməsini istəyib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Ağır Cinayətlər Məhkəməsində tanınmış modelyer Elnarə Bəkirovanın atasının qətlində təqsirləndirilən Mustafa Zeynalov və Namiq Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

“Report”un məlumatına görə, hakim Mahirə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, təqsirləndirilən şəxs Mustafa Zeynalov əvvəllər polis orqanlarında müstəntiq vəzifəsində çalışıb. O, hüquq-mühafizə orqanlarında törətdiyi cinayətə görə 5 il azadlıqdan məhrum edilib.

Prosesdə iştirak edən zərərçəkmiş Elnarə Bəkirova atasının qatillərinə ən ağır cəza verilməsini istəyib.

Təqsirləndirilən şəxslər bildiriblər ki, onlar dövlət tərəfindən vəkillə təmin olunsa da, özləri fərdi vəkillə müqavilə bağlamaq niyyətindədirlər, buna görə də prosesin təxirə salınmasını istəyiblər.

Zərərçəkmiş Elnarə Bəkirova isə təqsirləndirilən şəxslərə etiraz edib.

Proses noyabrın 2-də davam etdiriləcək.

İttihama görə, bu il aprelin 6-da Bakının Sabunçu rayonu, Nardaran qəsəbəsi, Ləhic bağları yaşayış massivində 1954-cü il təvəllüdlü Kamran Bəkirovun üzərində olan 300 min manatla itkin düşməsi barədə polisə məlumat daxil olub.

Polis tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin öldürülməsi və meyitinin gizlədilməsi məlum olub.

Davam etdirilən təxirəsalınmaz tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinənlər - əvvələr məhkum olunan 1953-cü il təvəllüdlü Mustafa Zeynalov, 1984-cü il təvəllüdlü Namiq Əliyev saxlanılıb.

İstintaqla Mustafa Zeynalov və qohumu Namiq Əliyevin cinayət əlaqəsinə girərək üzərində olan külli miqdarda pul vəsaitini ələ keçirmək məqsədilə Kamran Bəkirovu xüsusi amansızlıqla qəsdən öldürmələri, daha sonra cinayətin izlərini gizlətmək məqsədilə meyiti su quyusuna atmaları və həmin pulu ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Mustafa Zeynalov və Namiq Əliyevə Cinayət Məcəlləsinin 120.2.1, 120.2.4, 120.2.6, 120.2.11 (bir qrup şəxs tərəfindən başqa cinayəti gizlətmək və quldurluqla əlaqədar xüsusi amansızlıqla adam öldürmə), 181.3.2 və 181.3.3-cü (külli miqdarda əmlak əldə etmək və zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) maddələrilə ittiham elan edilib.

Qeyd edək ki, qətlə yetirilən 69 yaşlı Kamran Bəkirov biznesmen olub. O, rəssam-modelyer Elnarə Bəkirovanın atasıdır.

0.13056707382202