Qərbi Azərbaycan Xronikası: “Qədim Qıpçaq adətlərini yaşadan bölgənin sirli aləmi” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında Amasiya rayonu haqqında xüsusi buraxılış hazırlanıb.

Verilişdə Amasiya rayonunun tarixindən söhbət açılıb. Bildirilib ki, sovet hakimiyyəti dövrünə qədər bu ərazidə mövcud olan 40 kənddən cəmi üçündə ermənilər məskunlaşıb. Ümumən rayon ərazisində aborigen Azərbaycan türkləri böyük üstünlük təşkil ediblər. 1920-ci ildə bölgənin Sınıx, Mumuxan, Qonçalı, Ördəkli, Seldağılan, Musluqlu (Mustoğlu), Bağçalı və Söyüdlü kəndlərinin əhalisi Türkiyəyə köçmək məcburiyyətində qalıblar.

1948-53-cü illərdə deportasiyaya məruz qalan Amasiya sakinləri 1988-ci ildə də eyni aqibətlə üzləşiblər, Oxçuoğlu, Güllübulaq, Çaxmaq, Mağaracıq, Qaraçanta, Daşkörpü, İbiş, Qonçalı, İlanlı, Düzkənd, Qaranamaz, Göllü, Təpəkənd (Təpəköy), Hozukənd, Qarabulaq, Elləroyuğu (Ellərkənd), Bəndivan, Quzeykənd, Alakilsə, Çələb, Qara Məmməd, Güllücə, Balıqlı kimi tarixi kəndlərini məcburən tərk edərək, Qərbi Azərbaycandan olan digər soydaşlarımız kimi didərginlik həyatı yaşamağa məhkum olublar.

Verilişdə Amasiya rayonunun qəribə adətlərindən, mətbəxindən, mədəniyyətindən də danışılıb. Dədə Qorqud dastanında adı çəkilən bu yerlərin didərgin sakinləri qədim Qıpçaq adətlərini yaşadan bölgənin sirli aləmindən söhbət açıblar. Müsahiblər Xıdır Nəbinin qonaq gəlməsi, evə gəlin gələndə qayınana və qayınatanın güləşib bir-birini yıxması, gəlinin başına alma atılıb partladılması, balıq tutan şəxsin qarmağına su əyəsinin (ilahəsi və ya pərisi) düşməsi, nəticədə onun başına fəlakət gəlməsi, qayı tayfasının yaşadığı ərazi, həmçinin amasiyalıların dağ və su əyələrinə inanmaları barədə böyüklərdən eşitdikləri söz-söhbətləri, adət-ənənələri dilə gətiriblər.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş oktyabrın 21-də saat 19:30-da “Baku TV”nin efirində və yutub kanalında yayımlanıb.

 

0.08095121383667