Gəncədə küçəyə atılan qardaş-bacının anaları uşaqları geri istəyib - YENİLƏNİB + FOTO/VİDEO

Gəncədə nənələri tərəfindən imtina olunan uşaqların anası övladlarını geri istədiyini bildirib.

“Report”un məlumatına görə, 2 yaşlı və 3 aylıq körpənin anaları, İ.Cəlilova övladlarının olduğu Gəncə şəhər 2 Saylı Uşaq Xəstəxanasına gedərək onları ordan götürmək istəyib.

Lakin qadının narkotik aludəçisi olması, sosial durumu və onun övladlarının qəyyumu olan nənəsinin uşaqlara baxmaq istəməməsi səbəbləri nəzərə alınaraq uşaqlar ona verilməyib.

Qadınla bu barədə danışıqlar aparılıb və ona bildirilib ki, hər iki övladının sağlıq durumu yaxşıdır və sabah onun övladları Bakı şəhərində yerləşən Körpələr evinin birinə yerləşdiriləcək.

Xatırladaq ki, oktyabrın 21-də səhər saatlarında Gəncə şəhərində yaşayan Cəlilova Mehriban Ramiz qızı qəyyumu olduğu 2 yaşlı oğlan nəvəsini Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında tərk edib gedib. Bir neçə dəqiqə sonra 3 aylıq qız nəvəsini də gətirərək hər iki uşağı İcra Hakimiyyəti əməkdaşlarına verib və qızının övladları olan bu uşaqlara baxmaq istəmədiyini bildirib.

Qeyd edək ki, analoji hal qadının ilk övladı olan zaman da başverib. Belə ki, ozaman da nənə qızının övladına baxmadığını qeyd edib.

18:10

Gəncə şəhərində 4 aylıq və 3 yaşlı uşaqların sosial təhlükəli vəziyyətdə olması ilə bağlı kütləvi informasiya vasitələrində yayılan məlumat Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Uşaq hüquqlarının müdafiəsi mandatı çərçivəsində araşdırılaraq nəzarətə götürülüb.

Bu barədə Ombudsman Aparatı məlumat yayıb.

Ombudsmanın Qərb Regional Mərkəzinin əməkdaşları Gəncə Şəhər Birləşmiş Uşaq Xəstəxanasına gətirilmiş həmin uşaqları tibb müəssisəsində ziyarət edərək, səhhətləri, tibbi sənədləri və ümumi vəziyyətləri ilə yerində maraqlanıblar. Ziyarət zamanı uşaqların vəziyyətinin stabil və normal olduğu müşahidə edilib.

Xəstəxanadan verilən məlumata əsasən uşaqlar himayəsində olduqları nənələri tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında tərk edilib və onlar həmin gün polis tərəfindən xəstəxanaya gətiriliblər. Xəstəxanada uşaqlardan müxtəlif analizlər götürülərək zəruri tibbi xidmətlər göstərilib, sağlamlıq vəziyyətləri nəzarətdə saxlanılıb.

Məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyası və Gəncə Şəhər Baş Polis İdarəsindən uşaqların hüquqlarının təmini, onların himayə məsələsinin həll edilməsi məqsədilə görülən və planlaşdırılan tədbirlər barədə məlumat alınıb. Hazırda qeyd olunan faktla bağlı İdarə tərəfindən araşdırma davam etdirilir.

Uşaqların hüquqlarının təmini vəziyyəti tərəfimizdən diqqətdə saxlanılacaq.

12:55

“Nənələri tərəfindən tərk edilmiş körpələr Gəncə Şəhər İcra Hakimiyyətinin nəzarətinə götürülüblər”.

Bu barədə Gəncə Şəhər İcra Hakimiyyətindən daxil olan məlumatda bildirilib:

“21 Oktyabr 2023-cü il tarixində səhər saatlarında Gəncə şəhərində yaşayan Mehriban Ramiz qızı Cəlilova qəyyumu olduğu 05.04.2021-ci il təvəllüdlü oğul nəvəsini Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında tərk edib gedib. Bir neçə dəqiqə sonra 16.07.2023-cü il təvəllüdlü qız nəvəsini də gətirərək İcra Hakimiyyəti əməkdaşlarına verib.

Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının, Gəncə Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili bölməsinin və Sosial Xidmətlər Agentliyinin Gəncə-Daşkəsən regional filialının əməkdaşlarının iştirakı ilə təcili tibbi yardım çağırılıb və hər iki uşaq Akt əsasında “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin Uşaq Xəstəxanasına yerləşdirilib.

Uşaqların anası İlahə Natiq qızı Cəlilovanın narkotik aludəçisi olduğu, yaşadıqları evin tam şəraitsizliyi, ailənin sosial durumunun ağırlığı və nənənin uşaqlara baxmaq istəməməsi nəzərə alınaraq, Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən uşaqların sosial müəssisəyə yerləşdirilməsi ilə bağlı onlayn məlumat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi səhifəsində yerləşdirilib.

Gəncə şəhər Körpələr evi təmirə dayandığı üçün uşaqların Sosial Xidmətlər Agentliyinin müvafiq qərarı əsasında Bakı şəhərində yerləşən körpələr evlərindən birinə yerləşdirilməsi istiqamətində iş gedir.

Hər iki uşaq Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun tapşırığına uyğun olaraq nəzarətdə saxlanılır. Uşaqlar xəstəxanaya yerləşdirildikdən sonra bir neçə dəfə onlara baş çəkilib, xəstəxananın rəhbərliyi və həkimlərin iştirakı ilə sağlamlıq vəziyyətləri yoxlanılıb. Hər iki uşağın sağlamlıq vəziyyəti normaldır. Onlar Sosial Xidmətlər Agentliyinin müvafiq qərarına əsasən 26 oktyabr 2023-cü ilə təcili tibbi yardım maşını ilə xüsusi olaraq ayrılmış tibb işçisinin iştirakı ilə Bakı şəhərində yerləşən körpələr evinə göndəriləcəklər”.

11:33

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də Gəncə şəhərində küçəyə atılan körpələrlə bağlı açıqlama verib.

Qurumun mətbuat katibi Teymur Mərdanoğlu hakimiyyet.az-ın sorğusuna cavab olaraq bildirib ki, komitə uşaqların küçəyə atılması ilə bağlı araşdırma aparır:

“Artıq aidiyyəti dövlət qurumları da məsələni nəzarətə götürüb. Nənə ilə əlaqə saxlanılıb. O bildirib ki, uşaqların anası tüfeyli həyat tərzi keçirir və qəyyumluqdan imtina edib. Hazırda uşaqlar xəstəxanadadırlar. Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən uşaqlar barədə məlumat Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Sosial Xidmətlər Agentliyinin altsisteminə yerləşdirilib.

Ailənin yaşadığı evə baxış keçirilib, ananın tüfeyli həyat tərzi keçirdiyi təsdiq edilib. Dörd aylıq körpə Bakıda yerləşən körpələr evinə, iki yaşlı uşaq isə Gəncə uşaq evinə yerləşdiriləcək”.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov isə hakimiyyet.az-a bildirib ki, sözügedən məsələ ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin və digər aidiyyəti qurumların iştirakı ilə azyaşlılara baxış keçirilərək müvafiq xəstəxanaya yerləşdirilib:

“Hazırda araşdırmalar davam etdirilir”.

0:37

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Gəncə şəhərində küçəyə atılan körpələrin səhhəti barədə açıqlama verib.

TƏBİB-dən hakimiyyet.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri tərəfindən Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Uşaq Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinə iki uşaq - iki yaşlı oğlan və dörd aylıq bacısı gətirilib:

“Onlara zəruri tibbi xidmətlər göstərilib. Hazırda tibb müəssisəsinin Pediatriya Şöbəsində müalicələri davam etdirilir. Vəziyyətləri stabildir”.

09:33

Gəncə şəhərində küçəyə atılan körpələrlə bağlı bəzi detallar bilinib.

hakimiyyet.az-ın əldə etdiyi məlumata görə, üç yaşlı oğlan və dörd aylıq körpə qız uşağı Gəncə Şəhər İcra Hakimiyyətinin qarşısına atılıblar.

Həmin uşaqları qəyyumu olduğu nənələri küçəyə atıb.

Uşaqların valideynlərinin hər ikisi tüfeyli həyat tərzi keçirir.

Körpələr Gəncə Şəhər Uşaq Xəstəxanasına yerləşdiriliblər.

09:06

Gəncə şəhərində bir gündə iki uşaq küçəyə atılıb.

APA-nın yerli bürosunun əldə etdiyi məlumata görə, uşaqlar bacı və qardaşdırlar.

Uşaqlardan biri 4 aylıq körpə qızdır.

Digəri isə 3 yaşlı oğlan uşağıdır.

Həmin uşaqlar şəhərin mərkəzində tapılaraq Gəncə Şəhər Uşaq Xəstəxanasına gətiriliblər.

İlhamə Əbülfət

0.097548961639404