Naxçıvanda Zəfər Gününə həsr olunan voleybol yarışına start verilib

Naxçıvan Voleybol Federasiyasının (NVF) təşkilatçılığı, Naxçıvan Muxtar Respublikasının (NMR) Gənclər və İdman, həmçinin Elm və Təhsil nazirliklərinin dəstəyi ilə İlham Əliyev adına İdman Kompleksində yeniyetmə oğlanlar və qızlar arasında Zəfər Gününə həsr olunmuş voleybol üzrə muxtar respublika birinciliklərinə start verilib.

Azərbaycan Voleybol Federasiyasından (AVF) verilən məlumata görə, “Heydər Əliyev İli” çərçivəsində təşkil olunan yarışın rəsmi açılış mərasimi keçirilib.

Tədbirdə əvvəlcə torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardından Dövlət Himni səsləndirilib. Birincilik bədii hissə ilə davam etdirilib. Naxçıvan Qarnizonunun Hərbi orkestrinin ifasında marşlar, Naxçıvan Dövlət Filarmoniyasının solistlərinin ifasında ulu öndər Heydər Əliyevə və Vətənə həsr olunmuş mahnılar səsləndirilib. Filarmoniyanın mahnı və rəqs ansamblı rəngarəng rəqs nömrələri ilə tədbir iştirakçıları qarşısında çıxış edib.

Açılış mərasimində NVF İctimai Birliyinin prezidenti Vüqar Əliyev, NMR-in gənclər və idman nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Məcid Seyidov və NMR-in elm və təhsil nazirinin müavini Ovni Muradov çıxış edərək komandalara uğurlar arzulayıblar.

Federasiyanın vitse-prezidenti Aydın Mirzəyev yarışın reqlamenti barədə məlumat verib.

Ümumilikdə 16 komandanın iştirak etdiyi yarışda əvvəlcə qızların mübarizəsinə start verilib. Qeyd edək ki, komandalar A (Şahbuz, Şərur, Babək, Culfa) və B (Sədərək, Naxçıvan, Ordubad, Kəngərli) qrupları olmaqla dairəvi sistem üzrə qarşılaşacaqlar. Hər qrupdan iki komanda növbəti mərhələyə vəsiqə qazanacaq.

Noyabrın 2-də isə oğlanlardan ibarət komandaların NMR birinciliyi çərçivəsində oyunlara start veriləcək.

0.067251920700073