Deputat: “Bələdiyyə torpaqları üzərində mülkiyyət sənədlərinin verilməsi prosesi ləngiyir”

“Azərbaycanda bələdiyyə torpaqları üzərində mülkiyyət sənədlərinin və xəritələrin hazırlanması prosesində ləngimə yaşanır”.

“Report” xəbər verir ki, bunu deputat Kamran Bayramov Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib.

Onun sözlərinə görə, hazırda ölkə üzrə yüzminlərlə sənədsiz ev mövcuddur:

“2011-ci ilin mart ayında Prezident rəsmi icazə olmadan tikilmiş evlərin sənədləşdirilməsi ilə bağlı hökumətə xüsusi tapşırıq verib və onun icrası istiqamətində müəyyən işlər də görülüb. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna 2015-ci ildə edilmiş dəyişikliklə sənədsiz evlərin qeydiyyatı asanlaşdırılıb, Prezidentin 2015-ci və 2019-cu illərdə imzaladığı müvafiq fərmanlara əsasən, 200 minə yaxın fərdi yaşayış evi və mənzil sənədləşdirilib”.

K.Bayramov xatırladıb ki, ötən ilin aprel ayında isə Prezidentin imzaladığı fərmanlara əsasən, əvvəllər hüquqmüəyyənedici sənəd hesab olunmayan bir sıra sənədlər hüquqların qeydiyyatı üçün əsaslar sırasına daxil edilib:

“Təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına inşa edilmiş yeni yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının mənzillərinin sənədləşdirilməsi nəzərdə tutulub. Bu fərmanların icrası, şübhəsiz ki, ölkədə sənədsiz evlərin sayının azaldılmasına xidmət edəcək. Eyni zamanda, 2019-cu ildən etibarən İqtisadiyyat Nazirliyi tərəfindən sənədsiz tikililərin inventarlaşdırılması həyata keçirilib və pandemiyanın başlandığı dövrədək ölkədə 240 minə yaxın sənədsiz ev və mənzil inventarlaşdırılıb. Lakin təəssüf ki, pandemiya ucbatından və digər səbəblərdən inventarlaşma prosesi ləngiyib”.

Deputat düşünür ki, hər iki prosesin canlandırılması bir çox problemlərin həllinə səbəb olacaq:

“Həm vətəndaşların əmlakları üzərində sərəncam vermək hüququnu təmin edəcək, həm ölkənin daşınmaz əmlak bazarını canlandıracaq. Bundan başqa, bələdiyyələrin fiziki şəxslərdən yığdığı torpaq və əmlak vergiləri üzrə vergitutma bazası genişləndiriləcək, yerli büdcələrə və dövlət büdcəsinə daxil olan vəsaitlərin həcmi əhəmiyyətli dərəcədə artacaq. Bununla əlaqədar, sənədsiz evlərin sənədləşdirilməsi və bələdiyyə torpaqları üzərində mülkiyyət sənədlərinin və xəritələrin hazırlanması işinin sürətləndirilməsi məqsədilə 2024-cü il dövlət büdcəsində İqtisadiyyat Nazirliyinə ayrılması nəzərdə tutulan vəsaitin artırılmasını təklif etmək istərdim”.

0.10279202461243