Məşhur türkiyəli aparıcı təcili əməliyyat olundu - FOTO

Günlərdir xəstəxanada müalicə alan türkiyəli teatr aktyoru, yazıçı və məşhur aparıcı Metin Ucanın səhhəti ilə bağlı yeni açıqlama verilib.

Bu barədə Metin Ucanın meneceri Kübra Kalem Baykara “Instagram” hesabında paylaşım edib.

“Əziz dostlarımız, sevənlərimiz. Daha əvvəl şad xəbər vermişdim ki, əziz Metin Ucanın vəziyyəti yaxşılaşır, tezliklə evə buraxılacaq, evdə əlavə müalicələrlə əvvəlki sağlamlığına qovuşacaq.

Lakin noyabrın 15-də evə buraxılacağı gözlənildiyi halda, o, təcili əməliyyat edilib. Əməliyyatdan sonra yaranan fəsadlara görə ehtiyat tədbiri olaraq intubasiya edilib.

Üç gündən sonra qaldığımız yerdən müalicəsinin davamına ümid edirik.

Hörmətli həkimlərimizin, xəstəxana rəhbərliyinin gərgin və fədakar səyləri, sizin gözəl diləklərinizlə bu çətin prosesin öhdəsindən gələcəyik. Qəlbimiz onunladır.

Onun həyat fəlsəfəsi “Ümidi itirməmək”dir. Ümidimizi itirməyəcəyik”, - deyə Kübra Kalem Baykara paylaşımda bildirib.

Qeyd edək ki, ötən günlərdə vəziyyəti pisləşən, qəza keçirdikdən sonra boyun şah damarlarında tıxanıqlıq aşkarlanan və reanimasiyada müalicəsi davam edən Metin Uca sosial media hesabından səhhəti ilə bağlı açıqlama vermişdi.

“Salam... Mən tez sağalıram. Bu, əlbəttə ki, köhnə fotodur. Ən qısa zamanda birlikdə olacağıq, doğum günümü səhnədə birlikdə qeyd edəcəyik. Gözəl doğum günü mesajlarınıza və xoş diləklərinizə görə çox təşəkkürlər. Sonsuz sevgimlə”, - deyə o, ümidini itirmədiyini ifadə etmişdi.

Mənbə: Haber Global

0.094594955444336