Azərbaycan çempionatı: Təxirə salınan oyunların vaxtı müəyyənləşib

Qadın voleybolçular arasında Azərbaycan çempionatında təxirə salınan V turun iki oyununun vaxtı müəyyənləşib.

“Report”un məlumatına görə, noyabrın 7-də baş tutmalı olan UNEC - “Milli Aviasiya Akademiyası” matçı ayın 18-nə, “Gəncə” - “Murov Az Terminal” qarşılaşması isə 21-nə təyin edilib.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində UNEC-lə debütant “Milli Aviasiya Akademiyası” arasında baş tutacaq oyuna saat 16:00-da start veriləcək.

“Gəncə” isə doğma meydanda “Murov Az Terminal”ı qəbul edəcək. Gəncə Olimpiya İdman Kompleksində təşkil olunacaq matç saat 18:00-da başlayacaq.

Qeyd edək ki, noyabrın əvvəlində Azərbaycanda səfərdə olan Avropa Voleybol Konfederasiyasının prezidenti Aleksandar Boriçiç, CEV-in vitse-prezidenti Renato Arena, Türkiyə Voleybol Federasiyasının prezidenti Akif Üstündağ, Bolqarıstan Voleybol Federasiyasının prezidenti Lyubomir Qanevlə bir sıra görüş və tədbirlərin keçirilməsi səbəbindən V turun iki oyunu təxirə salınıb.

0.079767942428589