AFFA-nın baş katibi: “Abırlı və abırsız məğlubiyyət qəbuledilməzdir” - MÜSAHİBƏ

AFFA-nın baş katibi Sərxan Hacıyev Belçikaya qarşı AVRO-2024-ün seçmə mərhələsinin sonuncu oyunundan əvvəl Brüsselə ezam olunmuş jurnalistlərə müsahibə verib.

Milli assosiasiya rəsmisi  “Report”un əməkdaşının da suallarını cavablandırıb:

- Sabahkı oyunla bağlı gözləntiləriniz nədir?

- Rəqibin gücündən, adından asılı olmayaraq hər matça qələbə əzmi ilə çıxmalıyıq. Düşünürəm ki, İsveçə qarşı inamlı qələbədən sonra komandamız sabah yaxşı və tutarlı futbol sərgiləyəcək. Ümid edirəm ki, oyunları və sonra əldə edilən nəticə ilə bizi sevindirəcəklər. İsveçlə qarşılaşmada inamlı oyun göstərdik və qələbə qazandıq. Lakin bu, artıq keçmişdə qalıb. Komanda bunu unutmalı və növbəti matça köklənməlidir. Ümid edirik ki, qarşıdakı görüşdə də yaxşı nəticə əldə edəcəyik.

- Bəhlul Mustafazadə və Ramil Şeydayev cəza səbəbindən meydana çıxmayacaq. Onların olmaması komandaya necə təsir edə bilər?

- Hər iki oyunçu əsas futbolçularımızdan hesab edilir. Lakin onları əvəz edəcək yığma üzvləri əllərindən gələni edəcəklər.

- Seçmə mərhələ başa çatır. Nəticə sizi qane edirmi?

- Ümumi olaraq sonda qazanılan nəticə çox vacibdir. Bu, əsas amillərdən biridir. Nəticə dedikdə, ilk növbədə ağıla 1 və 2-ci yer gəlir. Amma hər qrupda reallıqları da nəzərə almaq lazımdır. İsveç, Belçika və Avstriya daha güclü kollektivlərdir. Belə millilərə qarşı oynamaq elə də asan deyil. Komandanın göstərdiyi müsbət dinamika da nəzərə alınmalıdır.

- Sabahkı qarşılaşma Canni De Byazinin yığmadakı taleyinə təsir edəcəkmi?

- Bu barədə hazırda bir söz demək çətindir. Məndən əvvəl AFFA prezidenti Rövnəq Abdullayev fikir bildirib. Düşünürəm ki, oyunun sonunu və İcraiyyə Komitəsinin iclasını gözləmək lazımdır. Baş məqşçi ilə müqavilə bitmək üzrədir. Seçmə mərhələdən sonra, yaxın vaxtlarda İcraiyyə Komitəsinin iclası olacaq. Orada hesabat dinləniləcək və qərar veriləcək.

- Qazaxıstan sonuncu turda Sloveniyanı məğlub etsə, final mərhələsinə vəsiqə uğrunda pley-off oynayacağıq. Bu da onun sözləşməsinə təsir edə bilər...

- Hazırda bunu istisna etmək olmaz. Çünki Qazaxıstan vəsiqə qazansa, bizim komanda pley-offa adlayacaq. Seçmə mərhələdən əvvəl bu, real deyildi. Amma artıq bir qələbə hər şeyi həll edəcək. Qazaxıstanın uğurlu oyun dinamikasına baxanda deyə bilərəm ki, hər şey ola bilər. Pley-off şansı yaransa, bu, ölkə futbolu üçün tarixi hadisə olacaq.

- Belçika ilə görüşdə heç-heçə və ya abırlı hesabla məğlubiyyət sizi razı sala bilərmi?

- Birmənalı şəkildə deyə bilərəm ki, abırlı və ya abırsız məğlubiyyət qəbuledilməzdir.

0.13450789451599