Bakının bəzi əraziləri hələ də istiliksiz QALIB - SİYAHI

Noyabrın 15-dən ölkənin bütün ərazisində istilik sistemi işə salınıb. “Azəristiliktəchizat” ASC-nin məlumatına görə, istiliyin verilişi gələn il aprel ayının 15-nə qədər davam edəcək. İstiliyin verilməsindən bir neçə gün keçsə də, paytaxt rayonlarındakı bəzi yaşayış binaları hələ də istiliklə təmin olunmayıb.

Bakının Nizami, Yasamal, Binəqədi, Xətai rayonları, həmçinin Biləcəri, Bakıxanov qəsəbələrində yaşayan sakinlər istiliyin verilməməsindən şikayətçidirlər. Eyni problem Sumqayıt şəhərində də yaşanır. 

Sakinlər konkret ünvanlar göstərərək saytımıza müraciət ediblər. Bu ünvanlara Xətai rayonu Nəsrəddin Tusi küçəsi, Köhnə Günəşli qəsəbəsində İ.İsmayılov küçəsi, Nizami rayonu Rüstəm Rüstəmov küçəsi, metro  “Elmlər Akademiyası” stansiyasının yaxınlığı, Hüseyn Cavid prospekti, 528-ci məhəllə, Binəqədi rayonu 9-cu mikrorayon Cəlal Paşayev küçəsi daxildir. 

Adıçəkilən ərazilərdəki yaşayış binalarının sakinləri istisinə qızına bilmədikləri “istilik”lə bağlı “Azəristiliktəchizat”a müraciət ünvanladıqlarını və müraciətlərinin cavabsız qaldığını qeyd ediblər. 

Məsələ ilə bağlı Bizim.media-ya danışan “Azəristiliktəchizat” ASC-nin mətbuat katibi Elvin Basqallı bütün binaların istiliklə təmin olunduğunu bildirib:

“İstiliyin olmaması mənzildaxili və binadaxili problemdən də qaynaqlana bilər. Ona görə də hər bir problemin özünün fərdi cavabı var. Hansı mənzilə niyə istilik verilmir araşdırılmalıdır. Çünki binalar istilik alır və bütün qazanxanalar işə düşüb”.

0.8080198764801