Bakıda dörd maşın qəzaya uğrayıb, qaz borusu zədələnib - FOTO

Bakının Nəsimi rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Nəsib bəy Yusifbəyli küçəsində olub.

Belə ki, Əliheydərzadə Natiq Mais oğlu “Toyota Prius” markalı maşını Heybətzadə Cavidan Cəmaləddin oğlunun idarəetməsində olan “Hyundai” markalı avtomobilə çırpıb.

İdarəetmədən çıxan “Toyota Prius” binaya verilən qaz borusuna çırpılıb.

Zədələnən boru yol kənarında dayanan “Toyota Rav 4” və “Mercedes” markalı maşınların üzərinə düşüb.

Hər iki maşına ciddi ziyan dəyib.

“Hyundai”da olan sərnişin, Yaqubov Sərvan Sədrəddin oğlu xəsarət alaraq Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Qəza zamanı ümumilikdə dörd avtomobilə ziyan dəyib.

Hadisə yerinə Nəsimi Rayon Dövlət Yol Polis Şöbəsinin təhqiqatçısı gəlib.

Sürücülərin izahatı alınıb.

Fakt araşdırılır.

0.12093687057495