Bakı-Sumqayıt yolundakı ağır qəzada iki nəfər ölüb - YENİLƏNİB + FOTO/VİDEO

Bakı-Sumqayıt avtomagistralında baş verən qəza ilə bağlı 10.12.2023-cü il tarixində saat 06:35 radələrindən başlayaraq Sumqayıt Tibb Mərkəzinin Təcili Yardım Xəstəxanasına altı nəfər gətirilib (dördü qadın cinsi, ikisi kişi cinsi olmaqla).

Bu barədə “Report”a Sumqayıt Tibb Mərkəzindən bildirilib.

Qapalı kəllə-beyin travması alan 1963-cü il təvəllüdlü Ayna Təru qızı Allahverdiyeva həkimlərin səylərinə baxmayaraq, dünyasını dəyişib.

Digər xəsarət alanlar - 1961-ci il təvəllüdlü qadın qapalı kəllə-beyin travması, sol bud sümüyünün sınığı, şəxsiyyəti məlum olmayan qadın qapalı kəllə-beyin travması, sol baldırın sınığı, 1992-ci il təvəllüdlü kişi üzün yumşaq toxumasının əziyi, aşağı ətrafın travması diaqnozları ilə Reanimasiya şöbəsində müalicələrini davam etdirirlər. Vəziyyətləri ağırdır.

1987-ci il təvəllüdlü kişinin qapalı kəllə-beyin travması, sağ dirsək sümüyün sınığı diaqnozu ilə Travmatologiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti stabildir.

1975-ci il təvəllüdlü qadına isə təpə nahiyəsinin sıyrıntısı, dirsəyin və ayağın əziyi diaqnozu qoyulub. Ona zəruri tibbi xidmətlər göstərilib və ambulator müalicə üçün evə buraxılıb.

Qeyd edək ki, hadisə nəticəsində iki nəfər ölüb. Digər ölən şəxsin isə kimliyi bəlli deyil.

09:20

Bakı-Sumqayıt şosesində ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report” xəbər verir ki, hərəkətdə olan “Ford Tranzit” markalı avtomobil yolun kənarındakı beton maneəyə çırpılıb.

Hadisə nəticəsində altı nəfər yaralanıb.

Yaralılar Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Belə ki, onlardan dördünün vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə, digər ikisi isə travmatologiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, qəzada bir nəfər dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

0.10698699951172