Ağdamda ağır qəzaya düşən PFL-in daha iki rəsmisi Bakıya çatdırıldı - YENİLƏNİB + VİDEO

Bu gün səhər saatlarında Ağdamda qəzaya düşən PFL-in mətbuat katibi Sənan Abdullayev və qurumun texniki idman direktoru Elgiz Abbasov Bakıya gətiriliblər. 

hakimiyyet.az xəbər verir ki, onlar da təcili yardım avtomobili ilə “Bona Dea” xəstəxanasına yerləşdiriliblər.

13:24

Bu gün səhər saatlarında Ağdamda qəzaya düşən PFL-in vitse-prezidenti Aslan Şahgəldiyev Bakıya gətirilib. 

hakimiyyet.az-ın əldə etdiyi məlumata görə, o, “Bono Dea” xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, qəzada xəsarət alan PFL prezidenti Elxan Səmədov əməliyyat olunması üçün xüsusi təyyarə ilə Türkiyəyə aparılır.

11:58

Bu gün səhər saatlarında Ağdamda qəzaya düşən PFL rəhbərliyinin Xankəndiyə səfəri dekabrın 21-də baş tutacaq Azərbaycan Kubokunun 1/8 final mərhələsinin “Qarabağ” - MOİK görüşü ilə bağlı olub. 

hakimiyyet.az-ın məlumatına görə, onlar bu məqsədlə mikroavtobus icarəyə götürüblər və gecə saatlarında yola düşüblər.

11:45

Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində baş verən qəza nəticəsində xəsarət alan 6 nəfər 16.12.2023-cü il tarixində saat 7 radələrindən başlayaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.

Bu barədə hakimiyyet.az-ın sorğusuna cavab olaraq, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. 

Qeyd edilib ki, müxtəlif növ bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Onlardan ikisinin vəziyyəti ağır, ikisinin vəziyyəti orta ağır, ikisinin vəziyyəti isə stabil qiymətləndirilir.

Xəsarət alan şəxslər Bakıda yerləşən özəl tibb müəssisəsinə təxliyə olunublar.

11:26

Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində “Mercedes” markalı mikroavtobusun yol kənarındakı maneəyə çırpılması nəticəsində xəsarət alanların sayı 6 nəfərə çatıb.

APA-nın yerli bürosu xəbər verir ki, onlar Bakı sakinləri 1984-cü il təvəllüdlü Sənan Məstəli oğlu Abdullayev, 1974-cü il təvəllüdlü Elxan Zakir oğlu Səmədov, 1982-ci il təvəllüdlü Rasim Məmmədrəsul oğlu Qafarlı, 1981-ci il təvəllüdlü Aslan Yadigar oğlu Şahgəldiyev, 1990-cı il təvəllüdlü Elgiz Rafiq oğlu Abbasov, 1981-ci il təvəllüdlü Zaur Tahir oğlu Hacıməhərrəmovdur. Xəsarət alan şəxslər Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Hazırda xəsarət alan şəxslər Bakıya göndərilir. 

Mikroavtobusda qəzaya düşən şəxslərin Peşəkar Futbol Liqasının (PFL) əməkdaşları olduğu bildirilir. 

hakimiyyet.az-ın əldə etdiyi məlumata görə, xəsarət alan Elxan Səmədov PFL-in prezidentidir və onun vəziyyəti ağırdır. E.Səmədov Bakıya gətirilir.

Qəzaya düşən Sənan Abdullayev PFL-in mətbuat katibi, Aslan Şahgəldiyev qurumun vitse-prezidenti, Elgiz Abbasov PFL-də texniki idman direktoru və Zaur Hacıməhərrəmov qurumun icraçı direktorudur.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan hakimiyyet.az-ın sorğuya cavab olaraq bildirilib ki, bu gün səhər saat 06:30 radələrində Yevlax-Ağdam-Laçın yolunun Ağdam rayon ərazisindən keçən hissəsində Bakı şəhər sakinin Rəsul Qafarlının idarə etdiyi “Mercedes Vito” markalı avtomobillə Xankəndi şəhəri istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək yol nişanına çırpılıb. 

Faktla bağlı araşdırma aparılır.

Həssas görüntülər

09:46

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Nazirlikdən verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Qarabağ Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı mikroavtobus yol kənarındakı maneəyə çırpılıb, 3 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 3 nəfər müxtəlif xəsarətlərlə nəqliyyat vasitəsindən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Aysel Aslan, Könül Cəfərli

0.10776901245117