FHN əməkdaşı: “Minaların təmizlənməsində robotlar effektiv rola malikdir”

“Minalarla çirkləndirilmiş ərazilərin təmizlənməsində robotlar böyük effektiv rola malikdir”.

APA-nın Qarabağ bürosu xəbər verir ki, bunu FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşı, partlayış manqasının mexaniki Şəmistan Əlizadə deyib.

O bildirib ki, ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi işində müasir mina təmizləyən texnikaların köməyindən də istifadə edilir:

“Hazırda işlətdiyimiz “GCS-200” markalı, kənardan idarə edilən, müasir minatəmizləyən robotlardır. Bu robotların vasitəsi ilə piyada və tank əleyhinə minaların təmizlənməsi işlərini daha sürətlə həyata keçirmək olur. Robotlar iki hissədən ibarətdir - biri yumşaq torpaq səthini minalardan təmizləmək üçün, digəri isə daşlıq əraziləri minalardan təmizləmək üçün istifadə olunur. Bir robotu idarə etmək üçün bir mexanik və iki operator olur. Robotun arxa hissəsində özünü dartma xüsusiyyəti var və robot 10 kiloqram tratil ekvivalenti gücündə partlayışa dözümlüdür. Yəni, bu tip partlayış zamanı yalnız robotun qarşısındakı hissə zədələnə bilər, digər hissələr heç bir zədə görmür”.

0.1016628742218