Güclü külək şimal-qərb zonasında bəzi təhsil müəssisələrinə ziyan vurub - YENİLƏNİB + FOTO

Dekabrın 24-dən başlayan güclü külək nəticəsində şimal-qərb zonasının bəzi təhsil müəssisələrinə müəyyən dərəcədə ziyan dəyib.

Bu barədə “Report”un Şimal-qərb bürosuna Şəki-Zaqatala Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, Qax rayonu Ağçay kənd ümumi orta məktəbin dam örtüyünün bir hissəsi güclü külək nəticəsində uçub. Bununla əlaqədar müvafiq qurumlara məlumat verilib. Xəsarət alan olmayıb. Ərazi nəzarətdə saxlanılır.

Həmçinin, güclü külək nəticəsində Qəbələ rayon Dızaxlı kənd və Qax rayon Qaxbaş kənd 40 nömrəli uşaq bağçası, Şəki rayon Bideyiz və Qax rayonu Qaşqaçay kənd tam orta məktəblərin dam örtüyü müəyyən dərəcədə zədələnib. Həmçinin Balakən rayon Qabaqçöl qəsəbə tam orta məktəbin idman zalının da pəncərəsi sınıb.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsinin yerli bölməsinin əməkdaşları məktəbdə olub, vəziyyətlə bağlı ilkin təhlükəsizlik tədbirləri görülüb. İlkin araşdırmalardan sonra müvafiq rəy veriləcək.

İlkin təhlükəsizlik tədbirlərinin təmin olunması ilə yanaşı, hava şəraiti imkan verən kimi dam örtüyünün bərpa işlərinə başlanacaq.

15:04

Qax rayonunda güclü külək məktəbin dam örtüyünü uçurub.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Ağçay kəndində baş verib.

Güclü külək nəticəsində 120 şagird yerlik Ağçay kənd ümumi orta məktəbinin dam örtüyü qoparaq məktəbin həyətinə düşüb. Hadisə dərs zamanı baş verib.

Şagirdlər arasında təşviş yaşansa da, xəsarət alan olmayıb.

0.074290990829468