Ərdoğanın Blinkenlə müzakirə etdiyi məsələlər açıqlanıb - YENİLƏNİB + FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ dövlət katibi Antoni Blinkenlə görüşündə müzakirə olunan məsələlər açıqlanıb.

Bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin yazılı bəyanatında deyilir.

Təxminən 1,5 saat davam edən görüşdə Qəzzadakı vəziyyət, İsveçin NATO-ya üzvlük prosesi və F-16-ların satışı müzakirə edilib.

“Dövlət katibi münaqişənin genişlənməsinin qarşısının alınmasının, girovların azad olunmasının, humanitar yardımın genişləndirilməsinin və mülki əhali arasında itkilərin azaldılmasının, eləcə də regionda möhkəm və davamlı sülhün əldə edilməsi istiqamətində işlərin görülməsinin vacibliyini vurğulayıb. Buraya İsrailin təhlükəsizliyi və Fələstin dövlətinin yaradılması daxildir”, - Miller bəyanatda qeyd edib.

A.Blinken isə sosial media hesabında bildirib ki, Ərdoğanla Ukraynadakı münaqişə də daxil olmaqla, Avropa təhlükəsizliyi məsələlərini, həmçinin İsveçin NATO-ya üzvlüyünün başa çatması və Vaşinqtonla Ankara arasında ticarət və investisiya əlaqələrinin gücləndirilməsini müzakirə ediblər.

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Qəzzadakı münaqişəni, NATO müttəfiqləri kimi ümumi təhlükəsizlik prioritetlərini və ikitərəfli ticarət və investisiyalarımızı genişləndirmək istəyimizi müzakirə etdik”, - Blinken qeyd edib.

19:14

Türkiyə xarici işlər naziri Hakan Fidanla ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan və Ermənistan arasında normallaşma prosesini müzakirə ediblər.

Bununla yanaşı, hər iki ölkənin baş diplomatları Rusiya və Ukraynada istehsal olunan ərzaq məhsullarının dünya bazarlarına təhlükəsiz şəkildə çatdırılması ətrafında fikir mübadiləsi aparıblar.

Fidan qeyd edib ki, Türkiyə Qara dənizdə gərginliyin yaranmasını istəmir.

Həmçinin, türkiyəli nazir Blinkenə F-16-ların satın alma prosesinin yekunlaşmasını gözlədiklərini bildirib.

Suriya və İraqdakı vəziyyətin müzakirə olunduğu görüşdə Qəzzada dərhal atəşkəsin elan edilməsi və humanitar yardımların çatdırılmasının vacibliyi də vurğulanıb.

Mənbə: TRT

15:50

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ dövlət katibi Atoni Blinkenlə görüşür.

ABŞ dövlət katibi Atoni Blinken görüşdən əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşüb.

İstanbuldakı Vahdettin Köşkündə keçirilən görüş mətbuata qapalı keçirilir.

Mənbə: trthaber

14:04

İstanbulda Türkiyə xarici işlər naziri Hakan Fidan ilə ABŞ Dövlət katibi Antoni Blinken arasında görüş başlayıb.

Hakan Fidan ilə Antoni Blinken arasında Vahdettin Köşkündə baş tutan görüşdən sonra Blinkenin Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul ediləcəyi gözlənilir.

Qeyd edək ki, ABŞ dövlət katibi İsrailin Qəzzaya hücumlarının başladığı 7 oktyabrdan bu yana dördüncü dəfədir ki, bölgəyə səfər edir. Bu tur çərçivəsində İstanbula gələn Blinkenin oradan Yunanıstana gedəcəyi nəzərdə tutulur.

Blinken Yunanıstandan sonra İordaniya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, İsrail, Fələstin və Misirə də səfər edərək danışıqlar aparacaq.

Mənbə: TRT Haber

0.078305959701538