Ermənistanın artan dövlət borcu və sosial problemləri - İrəvan çıxış yolu tapmır - ŞƏRH + FOTO

Ermənistanda Nikol Paşinyan hakimiyyəti 2018-ci ildən sosial sektorda müxtəlif proqramlar təklif etsə də, nəticə əldə etmək qeyri-mümkündür. Bu günə qədər ifrat yoxsulluğun aradan qaldırılacağı vəd edilir, əvəzində isə son beş ildə ölkədə ifrat yoxsulluq həddən artıq çoxalıb.

“Mülki müqavilə” elitası yoxsulluğu əhəmiyyətli dərəcədə azaltmağa, minimum yaşayış səbətindən yüksək orta pensiya təmin etməyə söz versələr də, hələlik bu barədə heç bir real nəticə gözə dəymir. Əvəzində yoxsulluq indeksində artım müşahidə edilir. Ermənistanda bu gün əhalinin 60 faizdən çoxu faktiki olaraq adambaşına düşən minimum istehlak səbətindən də az qazanır. Hazırda Paşinyan Ermənistanında minimum əməkhaqqı 75 min dram, yəni 190 dollardır. Minimum yaşayış səbəti isə 80 min dram təşkil edir. İnflyasiya isə artmaqda davam edir, orta pensiya həddi minimum istehlak səbəti dəyərindən 2 dəfə azdır. Belə halda isə Nikol Paşinyan hökuməti sosial müavinət və pensiyaları iki dəfə artıracağını bildirir.

Cari xərclərin iki dəfə artması halında hökumətin bunu necə ödəyəcəyi sual altındadır. Bu, mövcud vəziyyətdə artıq pul çapı və yüksək inflyasiya hesabına həll edilə bilər. Çünki real gəlirlər azalır, sosial cəhətdən imkansız olanlar daha da kasıblayır. Bu sıraya aztəminatlılar, işləyən yoxsullar, yoxsullar, yoxsulluğa görə müavinət alanlar və pensiyaçılar daxildir.

Əslində yoxsulluğu aradan qaldırmağın əsas üsullarından biri iş yerlərinin yaradılmasıdır. Amma bu gün Ermənistandakı real mənzərə fərqli reallıqlar ortaya çıxarır. Kölgə iqtisadiyyatından çıxmaq, qeydiyyata alınan iş yerlərini statistik rəqəm kimi göstərmək sosial təsiri olmayan vasitədir. Qeyd etmək də yerinə düşər ki, ölkə iqtisadiyyatında xarici faktorun yaratdığı müvəqqəti iqtisadi artım var və bunun nəticəsində xidmət, ticarət sahələrində tələbin yaratdığı iş yeri artımları zaman-zaman ortaya çıxır. Fəqət, bu davamlı olmadığı üçün də sabun köpüyü kimi şişərək partlayır. Hazırda xarici faktorun azalması artım tempini zəiflədir və açılan iş yerləri də bağlanır.


Eyni zamanda nəzərə almaq lazımdır ki, erməni iqtisadiyyatında real sektor canlanmır. Kənd təsərrüfatı və sənaye sahələrində artım nəzərə çarpmır ki, bu da öz növbəsində sosial vəziyyətə təsir edir. Bu sahələri təşviq etmək üçün isə müxtəlif vergi güzəştləri, müəyyən proqramlar həyata keçirilməlidir. Amma bu gün şahidi oluruq ki, vergi güzəştləri ləğv edilir, vergi yükü artır. Qeyd etmək yerinə düşər ki, 2024-cü il üçün İqtisadiyyat Nazirliyi 7 faizlik iqtisadi artım proqnozlaşdırıb. Görünən odur ki, bu, sadəcə bir utopiyadır və gəlir-xərc nisbətində erməni iqtisadiyyatında ciddi çətinliklər olacaq.

Ermənistan dövlətinin başqa bir problem isə dövlət borcunun son illərdə böyük sürətlə artmasıdır. Bu, hökumətin götürdüyü böyük borclarla bağlıdır. Eyni zamanda xarici borclara görə xidmətlə bağlı xərclər də kəskin şəkildə artmağa davam edir. Təkcə bu il xarici borclarına xidmətlə bağlı xərclər 2 milyard dollar təşkil edəcəyi proqnozlaşdırılır. Ötən illə müqayisədə bu rəqəm 500 milyon dollar artıq vəsait deməkdir. Ermənistan kimi ölkənin büdcəsi üçün isə 2 milyard dollar böyük məbləğ sayılır. Bunu ödəmək üçün də yeni borclar götürülür. Göründüyü kimi, Paşinyan hakimiyyəti ölkəni borc bataqlığına sürükləyir və bunun altından necə qalxmaq lazım olduğunu heç kəs bilmir. Ehtimal edilir ki, cari ildə erməni dövlətinin borcu 655 milyard dram artaraq 5.3 trilyon drama, yəni 13 milyard dollara çatacaq. Qeyd etmək yerinə düşər ki, son 5 il ərzində mövcud hakimiyyət 5 milyard dollar borc götürüb. Bu il isə 434 milyon dollar xarici borcun ödənilməsi, 210 milyon dollar isə faiz borcunun ödənilməsi üçün nəzərdə tutulub.

Belə olduğu halda isə ortaya maraqlı bir sual çıxır. Bu qədər vəsait haradan təmin ediləcək? Vəd edilən sosial proqramlar necə icra ediləcək? Günü-gündən iş yerlərinin bağlanması, Rusiya ilə münasibətlərin korlanması fonunda Lars düyününün yaranması və ixracda yaranan çətinliklər fonunda büdcə hansı vergi və gəlirlər hesabına dolacaq?


Erməni hökumətinin son illər əl atdığı maraqlı bir üsulu da qeyd etmək lazımdır. Əvvəllər valyuta borcları ancaq xaricdən götürülür, beynəlxalq maliyyə təşkilatlarından kreditlər alınırdı. Son illər isə daxili bazardan həm dramla, həm də xarici valyuta ilə borclar götürülür. Bunun üçün isə xarici valyuta istiqrazları buraxılır və bu da sonradan valyuta borcuna çevrilir. Bu tendensiya isə xaricdən alınan kreditdən baha başa gəlir. Ehtimal edilir ki, bunun səbəbi xaricdən ucuz qiymətə kredit verən olmadığı üçün Paşinyan hökuməti daha yüksək faizlə daxildən pul tədarük edir. Artıq daxili bazardan valyuta borcu 500 milyon dollar həddini ötüb. Bu məbləğ üçün faizlər təkcə cari ildə 72 milyon dollar təşkil ediləcək. Ümumilikdə isə valyuta borclarına xidmət üçün dövlət büdcəsindən 716 milyon dollar ödəniləcək. 1.2 milyard dollar isə daxili borcun ödənilməsi üçün nəzərdə tutulub. Söhbət dramla dövlət xəzinəsinə istiqrazların buraxılışına cəlb olunan borclara xidmətdən gedir ki, ayrılan vəsait ötən il ilə müqayisədə kəskin şəkildə, yəni 47 faiz artıb.

Yuxarıda sadalananlardan məlum olur ki, son iki ildəki kəskin artımdan sonra bu il daxili borc xarici borcla bərabərləşə bilər. 2018-ci ildən hökumətin borcu həm sürətlə artıb, həm də ucuz xarici kreditlər bahalı daxili borcla əvəz edilib. Həm yeni borclar, həm də yüksək faiz ödənişi səbəbindən hazırda Ermənistan büdcəsi kritik vəziyyətdədir. Son üç ildə dövlət borcunun orta faiz dərəcəsi 2.7 faiz bəndi artım göstərib. Lakin bu, son deyil. Ehtimal edilir ki, bu 7.2 faiz bəndinə çatacaq.

Ermənistanın dövlət büdcəsi və xarici borclarının real mənzərəsi bir daha sübut edir ki, baş nazir ölkəni uçuruma sürükləyir. Artıq yerli iqtisadçılar və hakimiyyətyönlü müəyyən siyasi dairələr də məsələ ilə bağlı həyəcan təbili çalır. Vaxt daralır, amma problem getdikcə şişir. Məsələnin həlli üçün isə “Mülki müqavilə”nin təklif etdiyi yeganə variant daha da çox borclanamaqdır. Büdcənin talanması, yerli icra hakimiyyəti orqanları və müəyyən iri ranqlı məmurlar tərəfindən həzm-rabedən keçirilməsi, xalqın günü-gündən yoxsullaşması fonunda Paşinyanın ağızdolusu sosial islahatlardan, proqramlardan danışması, pensiyaları iki dəfə artıracağı barədə vədləri artıq gülünc görünür.

“Report” İnformasiya Agentliyi

0.096503019332886