Şəmkirdə yanğın zamanı bir neçə mağaza və obyektə zərər dəyib - YENİLƏNİB + FOTO/VİDEO

Şəmkirdə mağaza və obyektlərdə baş vermiş yanğının səbəbi araşdırılır.

“Report”un məlumatına görə, Şəmkir şəhəri, 20 yanvar küçəsində baş vermiş yanğın nəticəsində, ümumilikdə səkkiz mağaza və obyektə zərər dəyib. Bunlardan ikisi bazar ərazisində, digər altısı isə bazara yaxın yerdə fəaliyyət göstərən mağaza və obyektlərdir.

Yanğın zamanı 130 kvadratmetr ərazi yanıb, mağaza və obyekt sahiblərinə zərər dəyib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin beş yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub və yanğın söndürülüb.

Xəsarət alanın olmadığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

18:31

Şəmkirdə bazarda baş verən yanğın söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən xəbərə görə, Şəmkir şəhəri, 20 yanvar küçəsində yerləşən bazar ərazisində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.

Yanğınsöndürənlərin həyata keçirdikləri operativ tədbirlər sayəsində yanğın genişlənməsinə, o cümlədən bazar ərazisində bitişik obyektlərə keçərək böyük sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

18:08

Şəmkir rayonunda mağazada yanğın baş verib. Güclü yanğın digər dükanlara da keçib.

“Report”un məlumatına görə, hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin Şəmkir rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumata əsasən, hadisə şəhərin 20 Yanvar küçəsində, bazar ərazisində qeydə alınıb və yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

0.082731962203979