Bu gün böyük sənətkarımız Nəsibə xanım Zeynalovanın anım günüdür. Onunla bağlı olan yeganə xatirəmi paylaşmaq və anmaq istədim.
2004-cü ilin, ayı dəqiq xatırlamıram, yanvar ya fevral ayı idi. Onda mən universitetin dördüncü kursunda oxuyurdum. Necə olmuşdusa, həmin gün dərsə gec getməli olmuşdum. Tələbə yataqxanasında, hamımızın başına toplaşdığı televizor ekranında diqqətimi bir süjet çəkdi - ANS kanalının səhər proqramında Nəsibə xanımın xəstəxanaya yerləşdirildiyi haqda məlumat verdilər və palatadan çəkdikləri süjeti göstərdilər.
Diqqətimi çəkən Nəsibə xanımın bir cümləsi oldu: “Təkəm burada, darıxıram. Məni yada salan yoxdur”.
Qərara aldım ki, gedim ona baş çəkim. Həmin gün dərsə gələndə universitetdə bu istəyimi bir neçə müəllimimə də dedim. Cavab isə o oldu ki, səni onun yanına buraxmazlar. Elə adamların yanına hər adamı buraxmırlar…
Üzüldüm, amma qərarımdan da vaz keçmədim. “Nə olur olsun, gedəcəyəm”, - deyib xəstəxanaya üz tutdum. Düşündüm ki, əgər qapıdan buraxmasalar, babalı öz boyunlarına olacaq. Mən üzərimə düşəni edəcəm.
Həmin vaxt Nəsibə xanım indiki Heydər Əliyev sarayı ilə üzbəüz xəstəxanada yatırdı, səhv etmirəmsə, adına “dörd nömrəli” deyirdilər.
Qapını döydüm, açdılar və istəyimi eşidəndə eyni müəllimlərim deyən cavabı aldım: “Onu narahat etmək olmaz. Mümkün deyil”.
- Axı televizorda özü dedi ki, məni unudublar, yanıma gələn yoxdur.
Mübahisəmiz uzansa da qapıçı xanım dediyindən dönmürdü. Bu dəmdə dəhlizdən keçən bir xanım həkim yaxınlaşdı (çox sonra bildim ki, baş həkim imiş):
- “Nə baş verib burada?”, - deyə qapıçıdan soruşdu. Qapıçı məsələni anlatdı. Həkim bu dəfə mənə döndü:
- Haradan gəlmisən?
- Universitetdən.
- Harada oxuyursan?
- Bakı Slavyan Universitetində.
- Kamal müəllimin (Kamal Abdullanı nəzərdə tutur - red.) tələbəsisən?
- Bəli. Rektorumuzdur.
- Haradan bildin ki, Nəsibə xanım burada yatır?
- ANS-də gördüm.
- Yaxşı, gəl.
İnanılmaz hiss idi. Mən artıq Nəsibə xanımın yatdığı palataya tərəf gedirəm və bir neçə saniyə sonra onu üzbəüz görəcəm. O qədər həyəcanlanmışdım ki, nə hansı mərtəbəyə qalxdığımızın, nə hansı otağa girdiyimizin fərqinə belə varmamışdım. Həkim dəhlizdəcə təlimat verdi:
- İçəridə çox qalmaq olmaz. Yorulur. Biraz çətin danışa bilər, amma danışacaq. Həyəcanlandırmaq olmaz.
Həkim palatanın qapısını açdı. Əvvəl özü, ardınca mən içəri keçdik. Nəsibə xanım çarpayıda uzanmışdı. Həkim ondan hal-əhval tutdu və bildirdi ki, bu uşaq (əslində, uşaq deyildim - red.) sizi ANS-də görüb və ziyarətinizə gəlib.
Nəsibə xanım gülümsündü və əli ilə “yaxın gəl” işarəsi verdi. Həkim bir daha təbəssümlə “Nəsibə xanım, gərək çox yorulmayasınız, bilirsiniz”, - deyib palatadan çıxdı.
İlk dəfə əlim onun qırışmış əlinə toxundu. Film kimi bir şey idi. Əlimdən tutdu və dedi:
- Qaldır məni. Aç o şkafı, içində “qreçka” var. Bir-iki qaşıq ver mənə. “Qarabaşaq yeməkdən özümü əsgər kimi hiss edirəm” , - deyib güldü.
Özümü hələ də hansısa xoş yuxuda hiss edirdim. Nəsibə xanımla xeyli söhbət etdik. Otaqdakı bir səbət gülü göstərib öz şirin ləhcəsi ilə dedi ki, elə sənin qabağınca Arif gəlmişdi.., Quliyevi deyirəm. O gətirib mənim üçün”.
Sonra çəkilişlərdə yadda qalan anlardan danışdı. Onun obrazlardan sevdiyim gülüşünü canlı görmək o qədər xoş idi ki. Həyatda da eynən səhnədəki kimi idi.
Sağollaşıb gedəndə qayıtdı ki, sabah yenə gələrsən, vaxtın olsa. Bütün günü boşam burada. Söhbət edərik özümüz üçün ordan-burdan.
Söz verdim ki, gələcəm.
Universitetə uça-uça getmişdim. Heç kim inanmaq istəmirdi ki, doğrudan da onunla görüşmüşəm.
Amma mənim beynim başqa şeyə məşğul idi. Axı səhər yenə gedəcəkdim. Bu dəfə də əliboş getmək istəmirdim - həm gül almaq istəyirdim, həm də şəkil çəkdirmək.
Bu iki istək isə bizim dövrümüzdə sıradan bir tələbənin yuxusuna belə girməyəcək bir məbləğ tələb edirdi. Aldığım təqaüd, bir buket gülə ancaq çatardı, onun da vaxtına hələ 10-15 gün qalmışdı. Bəs şəkil? Bunun üçün fotoaparat lazım idi, plyonka lazım idi. Bunları almaq isə yüzdə yüz ağılasığmaz xəyal kimi idi mənim üçün.
Amma nə olur olsun, bir yol tapılacağına da inanırdım. Belə qarışıq fikirlərlə universitetdən üzü 28 May metrosu tərəfə düşəndə, qəfildən yolun kənarında neçə ildir dayanıb gül satan dayıya yaxınlaşdım. Niyyətimi ona dedim.
-Doğrudan Nəsibə xanımın yanına gedəcəksən yenə? Ona aparacaqsan buketi?
- Aha... Amma indi pulum yoxdur sənə verməyə. Stipendiyanı alanda verə bilərəm ancaq - dedim.
Gülsatan dayının gözlərindəki sevinc bu gün də yadımdadır.
- Pul nədir, ay qız. Düşünmə belə şeyi. Biz ölmüşük ki, Nəsibə xanıma bir dəstə gül verə bilməyək? Bir buket məndən - deyib başladı buket yığmağa.
Necə sevinirəm, necə sevinirəm, qanadım olsa uçardım - o dərəcə. Birdən dayı qayıtdı ki, şəkil də çəkdirərsən də. Gətirərsən mən də baxaram. Bizdən də salam de. O boyda sənətkarı görəcəksən ey, zarafat deyil.
- Təəssüf, amma şəkil mümkün deyil ki. O qədər pulum yoxdur axı aparat alım, plyonka alım...
Gülsatan dayı biraz duruxdu və birdən əlini yolun o tayında, tində yerləşən (indiki polis bölməsindən yuxarıda-red) fotostudiyaya tuşladı və:
- Get ora, denən mən göndərdim. Yaxşı adamdır (adını unutmuşam-red.) kömək edər. Day Nəsibə xanımın yanına gedirsən də. Bir aparatı 1-2 saatlıq verər sənə, plyonkanın da pulunu yavaş-yavaş verərsən. Şəkilləri də gəlib orada çıxartdırarsan. Narahat olma, get. Həll edəcək.
Həqiqətən elə də oldu. Fotostudiyada işləyən orta yaşlı həmin o yaxşı adam, vitrində olan satılıq fotoaparatlardan birini götürdü, içinə plyonka saldı və mənə uzatdı:
- Bizdən də salam de. Aparatdan muğayat ol, müdir bilsə, atamı yandırar. Gətirərsən, şəkilləri özüm də çıxardacam"- dedi.
Beləcə, səhər yenidən Nəsibə xanımla görüşmək nəsib oldu. Bu dəfə qrup yoldaşımla getdim və bizi palataya həmin həkim apardı. Əlimdə fotoaparat görəndə sifəti ciddiləşdi:
- Bu vəziyyətdə Nəsibə xanımla şəkil çəkdirmək olmaz. Qəti. Ayıbdır, insanlar onu gecəköynəyində görməsin. Etik olmaz.
Qrup yoldaşım gözlərini mənə zilləyib, mən də necə peşman olmuşam, necə peşman olmuşam, bir Allah bilir. Narahatam ki, bəs indi o gülçü əmini, fotoaparat verəni necə inandıracam ki, doğrudan da Nəsibə xanım üçün istəyirdim gülü də, fotoaparatı da. Axı onlar da məndən şəkil gözləyir.
Əslində həkimin belə deməsi heç Nəsibə xanıma da xoş gəlməmişdi. Həkim palatadan çıxan kimi gülə-gülə çevrildi mənə ki:
- Gör nə deyirəm, sən ona fikir vermə. Həkim adamdı da, danışır özüyçün. Götür o xələti at çiynimə, özün də otur yanımda. Şəkil çəkmək olmazmış. Nöş olmur. Camaat "noçnoy" görməmişidi bəgəm?
Sevindiyimdən oturduğum yerdən qırğı kimi atlanıb tez çarpayının başından asılan xələti götürüb saldım Nəsibə xanımın çiyninə və tələs-pələs bir iki şəkil çəkdirdik ki, birdən həkim qəfil girər içəri fotoaparatı alar əlimizdən. "Olmaz" deyib axı.
Nəsibə xanım heç əhvalını pozmadan:
- Tələsməginən. Bizim ünvanı da yaz. Şəkillərimi gətirərsən mənə də. Bax, gözləyəcəm ha. Yəqin sabah ya birigün çıxacam. Gələrsən evə - dedi.
Sonra hətta yolu şifahi şəkildə, bir də izah etdi.
Bir neçə gündən sonra mən digər bir qrup yoldaşımla birlikdə Nəsibə xanımın istəyini nəzərə alaraq onun yaşadığı ünvana getdik. Bizi Nəsibə xanımın oğlu Cahangir Novruzovun həyat yoldaşı qarşıladı.
Bu dəfə də Nəsibə xanımla xeyli söhbət etdik, çay içdik. Şəkillərə baxdı, duzlu-məzəli bir-iki söz də dedi. Bizim üçün şəkillərin arxasını imzaladı və sözünü yerə salmadığımız üçün təşəkkür etdi.
Sevə-sevə, gülə-gülə ayrıldıq. Bu, bizim Nəsibə xanımla son görüşümüz oldu. Bir neçə gündən sonra onun haqqa qovuşduğu haqda məlumat verildi.
Həmin gün 2004-cü il mart ayının 10-u idi. Milli Teatrımızın korifeyi məhz həmin gün əbədi olaraq səhnənin pərdəarxasına köçdü...
Ruhu şad, məkanı cənnət olsun...
Əzizə İsmayılova