Hacı Məmmədovun bandasının üzvü, adam oğurluğunda təqsirləndirilən şəxsin məhkəməsi başlayır

Hacı Məmmədovun bandasının üzvü olan, sabit silahlı qruplarda (bandalarda) və ya onların törətdikləri basqınlarda iştirak etməkdə təqsirləndirilən Hüseynağa Zərbəliyevin məhkəməsi başlayır.

“Report”un əldə etdiyi məlumata görə, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və hakim Əli Məmmədovun sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclası martın 18-nə təyin edilib.

Zərərçəkmiş şəxs qismində Tofiq Bayramov tanınıb.

H.Zərbəliyevə qarşı Cinayət Məcəlləsinin 217.2-ci (Banditizm, Sabit silahlı qruplarda (bandalarda) və ya onların törətdikləri basqınlarda iştirak etmə) maddəsi ilə ittiham irəli sürülüb.

İstintaqla müəyyən olunub ki, H.Zərbəliyev qeyriləri ilə sabit silahlı qrupun (banda) törətdiyi basqında iştirak edərək Tofiq Bayramovu həyatı və səhhəti üçün təhlükəli üsulla və ona fiziki iztirab verməklə qanunsuz azadlıqdan məhrum edib.

Belə ki, o, 1996-cı ilin iyul ayında Bakı şəhərində əvvəllər tanıdığı Abuzər Abuzərovun paytaxt sakini Tofiq Bayramova basqın edib onu oğurlamaq, azadlıqdan qanunsuz məhrum etmək və hədə-qorxu ilə külli miqdarda əmlakını tələb edib almaq məqsədilə təşkil etdiyi sabit silahlı qrupa - bandaya Səyyad Allahverdiyev, Qabil Ağayev, Afər Kərimov və qeyriləri ilə birlikdə üzv kimi daxil olub.

Təqsirləndirilən şəxsin Daxili İşlər Nazirliyinin (DİN) Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili, ağır qətllər və adam oğurluğunda ittiham edilərək ömürlük həbs cəzası almış Hacı Məmmədovla (vəfat edib - red.) əlaqəsinin olduğu bildirilir.

0.05115008354187