“Azərbaycanda ən ağır su çatışmazlığı olan rayonlar Şamaxı və Qobustandır”.
“Report” xəbər verir ki, bunu “Hidroloq” MMC-nin baş mütəxəssisi, texnika elmləri doktoru, əməkdar mühəndis Əhməd Məmmədov Bakı Su Həftəsi Beynəlxalq Konfransında (“Baku Water Week Conference”) deyib.
“Bu ərazilər Bakıya çox yaxındır və turizm, eyni zamanda kənd təsərrüfatının inkişafı üçün əlverişlidir. Lakin su çatışmazlığı səbəbindən, xüsusilə yay aylarında çox ciddi problemlər meydana gəlir. Şamaxı və Qobustan şəhər olaraq su ilə təmin olunublar, amma 38 kənd bu zonada ciddi su problemi ilə qarşılaşırlar”, - deyə o bildirib.
Baş mütəxəssis qeyd edib ki, bu vəziyyətlə əlaqədar təklif Ağsu çayının bir qolu üzərində Basqal kəndinin altında su anbarının yerləşdirilməsidir:
“Girdimançayın istifadə olunmayan su ehtiyatının bir hissəsi bu anbara yönəldilə bilər. Aparılan araşdırmalara görə ildə təxminən 50 milyon kubmetr suyu bu zonalara vermək olar”.