2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 8,6 milyard manata yaxın mal satılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,5 faiz artım deməkdir.
Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, yanvar-fevral aylarında insanlara 4,3 milyard manat dəyərində ərzaq məhsulları, 440 milyon dollar dəyərində içkilər və tütün məmulatları, 1,3 milyard manatlıq toxuculuq məhsulları, geyim və ayaqqabılar satılıb.
İlin ilk iki ayında pərakəndə ticarət şəbəkəsində insanlar xərclədiyi vəsaitin 50,1 faizini ərzaq məhsullarının, 5,1 faizini içkilər və tütün məmulatlarının, 15,3 faizini toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,3 faizini avtomobil benzini və dizel yanacağının, 4,7 faizini elektrik malları və mebellərin, 2,4 faizini əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,3 faizini kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15,8 faizini isə digər qeyri-ərzaq mallarının alınmasına sərf edib.
Qeyd edək ki, alıcılar yanvar-fevral aylarında əczaçılıq məhsulları və tibbi ləvazimatlarına 206 milyon manat pul xərcləyib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2%-ə yaxın azdır. Avtomobil benzini və dizel yanacağı üçün yanvar-fevral aylarında 449 milyon manat sərf olunub.
Beləliklə, ilin ilk iki ayında pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 420 manat pul xərcləyib. Bunun 232 manatını ərzaq məhsulları, içkilər və tütün məmulatlarına, 188 manatını isə qeyri-ərzaq mallarına sərf edib.