Bu gün, martın 15-də Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçirilir. Bu dövlətlər Ermənistan vətəndaşlarının müxtəlif səbəblərdən dolayı qorxduğu ölkələr sırasındadır.
Bunu ABŞ Beynəlxalq Respublikaçılar İnstitutunun Ermənistandakı Analitik Araşdırmalar Mərkəzinin keçirdiyi sorğunun nəticələri də sübut edir.
Məlum olub ki, Ermənistan üçün ən böyük siyasi və iqtisadi təhlükə yaradan dövlətlər siyahısına Azərbaycan və Türkiyə (Rusiya ilə bərabər) daxildir.
Söhbət hansı təhlükələrdən gedir?
hakimiyyet.az bu və digər suallarla gürcü politoloq, beynəlxalq münasibətlər üzrə ekspert İrakli Qoqavaya müraciət edib.
- Dərhal deyim ki, belə sosioloji araşdırmalar aparan xarici təşkilatlar öz milli maraqlarını güdürlər. Ona görə də belə sorğuların nəticələrinə çox da inanmazdım. Gürcüstanda üç onillikdir ki, xarici tədqiqat mərkəzləri işləyir və cəmiyyətimizin onlara inamı, yumşaq desək, minimaldır. Amma Ermənistanda Abxaziyadan keçən dəmir yolunun bağlı qalması ilə bağlı narahatlıq ola bilər. Onun açılması isə Ermənistanın iqtisadi maraqlarına uyğun olardı. Ona görə də istisna edilmir ki, erməni cəmiyyəti Abxaziya dəmir yolunun davam edən blokadasını nəzərdə tutur. Bununla belə, hesab edirəm ki, müəyyən müddətdən sonra bu istiqamətdə irəliləyiş gözləmək olar.
Niyə siz belə düşünürsünüz? Mənim başa düşdüyüm qədəri ilə Gürcüstan cəmiyyəti və siyasətçiləri əsasən bu nəqliyyat kommunikasiyasının açılmasının əleyhinədirlər.
- Regionda geosiyasi reallıqlar dəyişib və mən təkcə Cənubi Qafqazı nəzərdə tutmuram. Rusiyadakı vəziyyət, Rusiya Federasiyası ilə Qərb arasında gərginlik Moskvanı başqa ticarət və nəqliyyat istiqamətləri, Gürcüstan, Azərbaycan, Qazaxıstan, daha sonra isə Çin və Sakit okean vasitəsilə xarici dünyaya alternativ çıxış yolları axtarmağa vadar edir. Yeni soyuq müharibə ən azı bir neçə il davam edəcək. Düşünürəm ki, Cənubi Qafqaz da daxil olmaqla bütün kommunikasiyaların blokdan çıxarılması təşəbbüsü ilə Rusiya özü çıxış edəcək.
- Amma Gürcüstan buna razı olacaqmı? Çünki Abxaziya Gürcüstanın işğal edilmiş ərazisidir. Bundan əlavə, çətin ki, gürcü cəmiyyətində, həmçinin Azərbaycanda da Abxaziyadan keçməklə Ermənistana dəmir yolunun açılması anlayış və təqdirlə qarşılansın.
- Mən düşünmürəm ki, bu addım Bakıda pis qarşılansın. Belə ki, Abxaziyadan keçən dəmir yolunun açılması Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi ilə bağlı olacaq. Bundan əlavə, Azərbaycan digər dövlətlərin ərazi bütövlüyü prinsipini dəstəkləyir, ona görə də düşünürəm ki, biz bütün ölkə ərazisində öz suverenliyimizi sülh yolu ilə bərpa edə bilsək, Azərbaycan xalqı bundan yalnız məmnun olacaq. Yalnız bundan sonra Abxaziya dəmir yolunun açılmasından danışacağıq.
- Yəni, söhbət aşağıdakı ardıcıllıqdan gedir: Ermənistan-Azərbaycan nizamlanma prosesinin yekunlaşması, Gürcüstanın ərazi bütövlüyünün bərpası və yalnız bundan sonra Abxaziyadan keçən dəmir yolunun açılması. Bəs Gürcüstan öz ərazi bütövlüyünü necə bərpa edəcək? Belə çıxır ki, Rusiya Abxaziyanı tanımaqdan imtina edəcək?
- Moskva məhz belə davranmaq niyyətində deyil. Amma Gürcüstan bu məsələdə strateji səbirli siyasət yürüdür. Biz abxazları və osetinləri vahid dövlətin (Gürcüstanın -red.) suverenliyi altına qaytarmaq üçün hərbi yol seçə bilmərik. Biz razılığa gəlməliyik və Rusiya Federasiyasının dəstəyi olmadan bunu etmək çətin olacaq. Biz bunu münasib zamanda və geosiyasi şərait uyğun olanda edəcəyik.
- Bəs siz Ermənistanın Rusiyadan Qərbə, Fransaya üz tutmasını (ən azı ictimai rəydə) necə şərh edə bilərsiniz?
- Hesab edirəm ki, Fransa və bəzi başqa ölkələr Böyük Turan layihəsindən qorxur. Burada əsas məsələ Zəngəzur dəhlizi oldu. Ona görə də Hindistan-İran-Ermənistan-Fransa-Yunanıstan oxu qurulur və məqsəd türk layihəsi ilə rəqabətə hesablanıb, mənə elə gəlir ki, heç Rusiya da bundan razı deyil. Lakin Moskva hələ də kölgədədir, baxmayaraq ki, gələcəkdə bir növ vasitəçi kimi çıxış edə bilər.
- Siz Rusiya Federasiyasının Zəngəzur dəhlizi məsələsində vasitəçi olacağını nəzərdə tutursunuz?
- Bəli. Zəngəzur dəhlizi Hindistan, İran və Fransa üçün mühüm məsələdir. Bu ölkələr bu dəhliz üzərində nəzarətin itirilməsinin qarşısını almağa çalışacaqlar. Amma Bakı bu əraziyə iddia etmir və Ermənistanın ərazi bütövlüyünə qəsd etmir. Azərbaycan öz suverenliyini bərpa edib və hazırda Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülh müqaviləsinin bağlanması gündəmdədir, bundan sonra isə “Cənubi Qafqaz üçlüyü”nün inkişafına və iqtisadi inteqrasiyasına yol açılacaq.
- Azərbaycanın həqiqətən də Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur. Amma Bakı nəqliyyat kommunikasiyası kimi Zəngəzur dəhlizinin açılmasında maraqlıdır və təkcə İran ərazisindən deyil, həm də Ermənistandan keçməklə. Ümumiyyətlə, bu, 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın (Azərbaycan-Rusiya-Ermənistan) doqquzuncu bəndində birbaşa qeyd olunub.
- Mən hesab edirəm ki, sülh müqaviləsi imzalanandan sonra Azərbaycanın “materik” hissəsindən Ermənistan vasitəsilə Naxçıvana belə bir yol açılacaq. Ticarət yollarını blokda saxlamağın nə mənası var? Bütün kommunikasiyalar region ölkələrinin suverenliyinə hörmət əsasında açıq olmalıdır.
Nair Əliyev