“Fransa hakimiyyəti Ukraynanın Belarusla həmsərhəd rayonlarına Avropa hərbi missiyasını göndərmək imkanını nəzərdən keçirir ki, bu ərazidə yerləşən Ukrayna qoşunlarının bölmələri döyüşlərdə iştirak etsin”.
Bu sözləri Fransada AŞPA komitələrindən birinin işində iştirak edən Ukrayna Ali Radasının deputatı Aleksey Qonçarenko “Telegram” kanalında deyib.
“Fransız həmkarlarımla ünsiyyətdəyəm. Artıq indidən deyə bilərəm ki, hər şey ciddidir. Avropa əsgərlərinin Belarusla sərhəddə missiyası haqqında danışılır ki, missiya Ukrayna hərbçilərinin bu istiqamətdən çıxarılmasına imkan yaradacaq. Bu, şərq və cənub istiqamətlərini gücləndirəcək”, - Qonçarenko bildirib.
Deputatın iddiasına görə, onun həmsöhbətləri bildiriblər ki, Fransa Prezidenti Emmanuel Makron Ukraynaya hərbçilərin göndərilməsi məsələsində çox qətiyyətlidir, lakin onların sayı barədə söhbət getmir. Qonçarenko iddia edir ki, Fransa çox güman, Polşa və Baltikyanı ölkələrin daxil olacağı müttəfiqlər koalisiyası yaratmaq istəyir.
“Hələ ki Avropanın digər ölkələrində axtarışlar davam edir. Almaniya əleyhinədir, çünki bunun lazımsız eskalasiya olduğunu düşünür”, - deyə Qonçarenko qeyd edib.
Deputatın verdiyi məlumata görə, Makron həmçinin Ukraynada hərbi personalın təlimi və döyüş sursatı istehsalı üçün birgə baza yaratmaq niyyətindədir. Bu məqsədlə ölkənin qərbində iki yer nəzərdən keçirilir.
Mənbə: TASS