Ermənistan xarici qüvvələrin əlində alət olmaq missiyasını davam etdirir. Bu ala-yarımçıq ölkənin təhlükəsizliyi ilə bağlı NATO, Avropa İttifaqı və ABŞ pakt imzalamağı planlaşdırır.
Məlumatlara əsasən, Ermənistanın baş naziri Nikol Paşinyanın apreldə ABŞ dövlət katibi Antoni Blinken, Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Lyayen və NATO-nun baş katibi Yens Stoltenberqlə bu istiqamətdə görüşü keçiriləcək.
Qərbin Ermənistan vasitəsilə həyata keçirmək istədiyi “təhlükəsizlik planı”, əslində, Cənubi Qafqazda təhlükəsizliyi yeni təhdid mənbəyinə çevirir. Çünki bu ölkədə Qərbin israrlı dəstəyi ilə hakimiyyət gətirilən N.Paşinyan və komandası bölgənin maraqlarından daha çox xarici qüvvələrin tapşırıqlarını yerinə yetirir.
Qərbin həyata keçirmək istədiyi bu layihə regional təhlükəsizliyin təmin edilməsindən daha çox Azərbaycanla Ermənistan arasında sülhün yaranmasına yeni maneə yaradır. Yaranacaq belə şərait isə Azərbaycanın mövqeyinə ziddir. Bu, iki ölkə arasında sülh prosesinin əngəllənməsi, məsələni birtərəfli qaydada həll etməyə cəhddir. Belə bir plan isə Azərbaycanın maraqlarına cavab verməməklə yanaşı, həm də onun mənafeyinə qarşı atılan addım olacaq.
Bu günlərdə Ermənistan parlamenti Azərbaycanla sərhədyanı bölgədə yerləşdirilən Avropa İttifaqının mülki missiyasının fəaliyyətinə dair sazişi ratifikasya edib. “Mülki missiya” sayılan bu qurum İttifaqın regiona yeritdiyi ilk hərbi qrupdur. Onların bölgəyə gəlməsini rəsmi Bakı qəbul etməyib. Başqa sözlə, bu layihəni Avropa İttifaqı rəsmi İrəvanın “istəyi” ilə reallaşdırıb. Bu dəfə isə “Ermənistanın təhlükəsizliyi” adı altında Qərb daha geniş hərbi missiyasını Cənubi Qafqazda yerləşdirməyə cəhd edəcək.
Bu addım isə yenicə sakitləşən, sabitliyə, sülhə və əməkdaşlığa doğru addımlar atan bölgədə yenidən silahlı qarşıdurma ocağının yaranmasına səbəb ola bilər.
Çünki Ermənistan ala-yarımçıq bir ölkədir. O, qonşu dövlətlərlə münasibətini həll etməyib. Ərazisində Rusiyanın hərbi bazası mövcuddur. İran və Türkiyə ilə dövlət sərhədlərinə özü nəzarət etmir, iqtisadiyyatı da Rusiyadan asılı vəziyyətdədir. Qərblə münasibəti heç də yaxşı olmayan İranla münasibətləri genişləndirir. Konstitusiyasında isə qonşu dövlətlərə qarşı iddiaları hələ də qalmaqdadır.
Onu regionun “demokratik dövləti” kimi beynəlxalq ictimaiyyətə sırıyıb, üzərində regionda sabitliyi pozacaq sınağı reallaşdırmaq “Ermənistanın təhlükəsizliyinin” müdafiəsinə yaxşı heç nə vəd etmir.
Oxşar oyun Gürcüstanın, ondan dörd il sonra Ukraynanın başına açıldı. Hələ tam formalaşmayan, Rusiyaya qarşı müqavimət göstərmək gücündə olmayan Gürcüstan ərazi bütövlüyünü təmin etmək üçün əməliyyata başladı. O zaman Gürcüstanı demokrat cəmiyyət, NATO standartına uyğun hərbi qüvvə sayırdılar. Hətta NATO və ABŞ bu ölkə ilə hərbi təlimlər də keçirirdi. İndiki vəziyyət son olmasa da nəticə məlumdur.
Təxminən 40 il əvvəl, 1994-cü il dekabrın 5-də Macarıstanın paytaxtı Budapeştdə Ukraynanın Nüvə silahlarının yayılmaması haqqında müqaviləyə qoşulması ilə əlaqədar təhlükəsizlik zəmanətləri haqqında memorandum Ukrayna, Rusiya, Böyük Britaniya və ABŞ liderləri tərəfindən imzalanıb. Bu sənədi imzalayan dövlətlər Ukraynanın ərazi bütövlüyünə təminat verib. Ancaq sonra nə baş verdi? Həmin sənədin imzalanmasının 20-ci ilində Rusiya Krımı ilhaq etdi. 2022-ci ilin fevralında isə Rusiya bu ölkə ərazisində “xüsusi hərbi əməliyyat” keçirməyə başladı. İndi isə ilhaq etdiyi ərazilərdə sanitar zonası yaratmağa hazırlaşır.
Bu baxımdan Ukraynada baş verənlər də eyni ssenari ilə başlayıb. Dövlət, xüsusən ordu quruculuğu başa çatmayan ölkə Rusiya ilə müharibəyə təkbaşına qoşuldu və davam etdirir.
Rəsmi Moskva Ermənistanın atdığı və atacağı addımlarla bağlı hələ öz planını açıqlamayıb. Federasiya rəsmiləri ancaq İrəvana təhlükəsizlik məsələləri ilə bağlı xəbərdarlıqlar edir, məsuliyyəti isə Ermənistanın daşıdığını vurğulayırlar.
Cənub və şərqə doğru sərhədlərinə baş verənlər Rusiyanın da tezliklə cavab verəcəyi ehtimalını günü-gündən artırır.
İranın da baş verənləri sakitcə müşahidə edəcəyi gözlənilmir. Bu yaxınlarda İran Prezidenti İbrahim Rəsinin Tehranda Ermənistan baş nazirinin müavini Mqer Qriqoryana xəbərdarlığını xatırlatmaq yerinə düşər: “İran regionda xarici qüvvələrin mövcudluğuna dözməyəcək”. O xarici qüvvələrin bölgədə mövcudluğuna qarşı olduqlarını qeyd edib.
Bu baxımdan İranla Qərb Yaxın Şərqdəki qarşıdurmanı Cənubi Qafqaza da keçirə bilər. Çünki İran Ermənistanda xarici qüvvələr, xüsusilə ABŞ, NATO hərbçilərinin mövcudluğunu özünə təhlükə mənbəyi sayacaq. Rəsmi olmayan mənbələr artıq İranın xüsusi xidmət orqanları əməkdaşlarının ayrı-ayrı adlar altında Ermənistana keçməyə başladıqlarını bildirirlər. Odur ki, bu ölkə ərazisində nələrin baş verəcəyini proqnozlaşdırmaq mümkündür.
Qərb Cənubi Qafqazda rəqiblərinə qarşı yeni oyuna başlamaq istəyir. Yaxın Şərq, Ukrayna, Suriya, İraq və Əfqanıstanda olduğu kimi, bu regionda da Rusiya ilə İranın başını silahlı münaqişəyə qatmağa hazırlaşır. Onsuz da bütün bu münaqişə ocaqları onların ərazisindən minlərlə kilometr uzaqdadır. Həmişə Rusiya və SSRİ-nin buyruq qulu olan Ermənistan bu dəfə Qərbin planının xidmətindədir. Atalar yaxşı deyib: “Qananın da quluyam, qanmazın da, dad yarımçıq əlindən”. Rəsmi İrəvan yarımçıq halda Cənubi Qafqazda qarşıdurmanın yaranması üçün alətə çevrilir.
“Report” İnformasiya Agentliyi