Sumqayıtda 13 yaşlı yeniyetmə narkotikdən ÖLMƏYİB? - TƏFƏRRÜAT

Ötən gün Sumqayıtda 13 yaşlı yeniyetmənin narkotikdən ölməsi ilə bağlı məlumatlar yayılıb. Qeyd olunub ki, 2011-ci il təvəllüdlü Əli Babaşovun meyiti İnşaatçılar qəsəbəsində yaşadığı evdə tapılıb. İddialara görə, yeniyetmə yüksək dozada narkotik qəbul etməsi səbəbindən ölüb.

Bizim.media-nın əldə etdiyi məlumata görə, yeniyetmənin atası dünyasını dəyişib, anasının psixi problemləri var. Ailəyə isə adının bilinməsini istəməyən qonşu qadın himayədarlıq edir.

Sözügedən xanım açıqlamasında illərdir himayəsi altında olan yeniyetmənin narkotikdən ölməsi ilə bağlı yayılan məlumatların yalan olduğunu bildirib:

“Buraya çəkilişə gələnlər olmuşdu, icazə vermədik deyə gedib yalan məlumatlar yayıblar. Əli mənim yanımda böyüyüb, 13 yaşında uşaq necə narkotik çəkə bilər?! Uşaq martın 8-də xəstələndi, dünən isə keçindi. Xəstələndiyi gün təcili yardım da çağırdıq, dedilər ki, heç nəyi yoxdur”.

Qadının sözlərinə görə, Əli Babaşov bir ay əvvəl qızılca keçirsə də, sağalmışdı:

“Qəfildən yenə xəstələndi. Öskürürdü, soyuqlamışdı, sistem alıb köçürtdürdük. Həkim isə qorxulu heç nə olmadığını demişdi. Amma uşaq dünən rəhmətə getdi. İndi isə Əlinin ölüm kağızını ala bilmirik. Anasının imkanı olmadığına görə Əli məktəbə getmirdi. Xəstələnənə qədər o, salfet sataraq anasına kömək olmağa çalışırdı. Amma martın 8-dən bu yana daha heç yerə getmirdi, evdə idi”.

Qeyd edək ki, 2011-ci il təvəllüdlü yeniyetmənin meyitinin aşkar olunması faktı ilə bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Meyitin xarici müayinəsi zamanı üzərində hər hansı xəsarət izi aşkar edilməyib. Yeniyetmənin ölüm səbəbi təyin olunmuş müvafiq ekspertizanın rəyindən sonra bilinəcək.

0.75121402740479