“Bostan əkməliyik”

Qan Turalı yazır...

“Bostan əkməliyik”.

Bu cümlə Volterin “Kandid” romanından götürülüb. Təfərrüata varmadan qısaca deyim. Romanın qəhrəmanı Kandid İstanbula gəlir. Bu zaman İstanbulda iki vəzirlə bir müfti edam edilmişdi. Kandid İstanbul ətrafındakı bir kəndlidən bu edam haqqında soruşur. Kəndlinin cavabı isə Kandidin dünyasını darmadağın edir: “İstanbulda baş verən hadisələr mənə maraqlı deyil. Mənim işim bostan əkmək və məhsullarımı İstanbula göndərməkdir. Əmək bizi üç pislikdən xilas edir, darıxmaqdan, pislikdən və ehtiyacdan”. Bu sözlərdən sonra Kandid tarixə düşən bu aforizmi deyir: “Bostan əkməliyik!”

Bu sözün arxasında duran məna son dərəcə dərindir. Bəli, insan öz bacardığı işi görməli, onunla yaşamalıdır. Volterin aforizmini “Qaranlığa lənət yağdırmaqdansa, bir şam yandır” kimi də oxumaq və başa düşmək mümkündür.

Əslində bu sözü çap edib şəhərin hər yerinə ondan da əvvəl şüurlara, zehinlərə yazmaq lazımdır. Bir çox problemlərin həlli də məhz Volterin aforizminin həyata keçirilməsindən ibarətdir.

İnsanlar hər şeydən və hamıdan şikayətlənirlər. Sosial medianın inkişafı bu cür insanlar üçün çox böyük meydanlar açır. Ancaq insanların şikayətləndiyi hər bir problemin həllində onların öz üzərlərinə düşən fərdi məsuliyyətləri, görə biləcəkləri işlər var. 

Söhbət heç də böyük və ciddi məsələlərdən getmir. Misal üçün, ölkədə təhsilin səviyyəsinin aşağı olmasından şikayətlənən adam bütün gününü bu barədə şərh yazmaqla keçirdir. Ancaq tutaq ki, öz tribunasından, öz profilindən insanlar üçün faydalı bir məlumat belə bölüşmür. 

Ya da televiziyalardan şikayət edir. Ancaq faydalı hesab etdiyi bir parçanı belə öz sosial şəbəkə hesablarından paylaşmır. Şikayət, şikayət, ancaq şikayət... Ümumi işin xeyrinə bir addım belə atmır. 

Tokvilin “Amerikada demokratiya” əsərini oxuyanlar ifadə etmək istədiyim fikri daha aydın başa düşə bilərlər. XIX əsrin əvvəllərində Amerikada olan Tokvil amerikalıların problemləri həll etmək bacarığından məmnuniyyətlə danışır. Haradasa bir yol xarabdırsa amerikalılar tez bir yerə gəlir, vəsait toplayıb o yolu təmir etmək haqqında düşünürlər. Ancaq öz vətəni Fransada vəziyyət heç də bu cür deyil. Hamı yola toplaşır, məmurların qarasınca deyinir və evlərinə qayıdırlar. Yol isə əvvəlki kimi qalır. 

Əlbəttə ki, dövlətin və hökumətin də vəzifələri, məsuliyyətləri var. Ancaq dövlət və hökumət kimi vətəndaşın da borcu və vəzifəsi mövcuddur. İnsanlar bir çox hallarda öz vəzifələrini başa düşmürlər. Ya da öz vəzifələrini ancaq şikayət etmək kimi başa düşürlər. 

Ədalətli və ideal cəmiyyəti ancaq bütün fərdlərin, bütün vətəndaşların birgə səyi ilə yaratmaq mümkündür. Bu gün heyranlıqla tamaşa etdiyimiz bütün cəmiyyətlər də məhz bu yolu seçiblər. Volterin də dediyi kimi: “Bostan əkməliyik”. Bu söz bütün vətəndaşların azadlıq, ədalət və rifah yolunda birgə fəaliyyətini nəzərdə tutur. 

Görürsən, ölkədə mütaliənin azlığından şikayət edir, ancaq özü bir kitab almır. Filmlərin bayağılığından şikayət edir, ancaq yaxşı bir filmə bir bilet almaqla dəstək vermir. Qınamaq ən asan yoldur. Təkcə, asan deyil həm də pis yoldur, səmərəsiz yoldur. Bu insanlarda ruh düşkünlüyü, ətalət və inamsızlıq yaradan, onların həyat eşqini, şövqünü məhv edən bir yoldur. 

Bostan əkməliyik, vəssalam!

0.038597106933594