“Miniboss Business School Baku”nun təşkilatçılığı ilə Startap Forumu-2024 keçirilir - FOTO

“MiniBoss Business School Baku”nun təşkilatçılığı ilə sahibkarlıq üzrə 6-17 yaşlı uşaqlar və yeniyetmələr arasında Startap Forumu-2024 keçirilir.

hakimiyyet.az xəbər verir ki, forum çərçivəsində 17 komanda müxtəlif sahələr üzrə biznes layihələrini yerli biznes ictimaiyyətinin tanınmış sahibkarlarına və investorlara nümayiş etdirirlər. Daha sonra startaplar münsiflər heyəti tərəfindən dəyərləndirilib, komandalara layihələrinin həyata keçirilməsi üçün müvafiq qrant ayrılacaq.

Forumda münsiflər heyətinin üzvləri - KOBİA-nın İdarə Heyətinin sədr müavini Rüfət Atakişiyev, “British Council”un Azərbaycan üzrə direktoru Nərgiz Hacıyeva, Bakı Beynəlxalq Təhsil Mərkəzinin (NCUK) rəhbəri Bəsti Ağarzayeva, “PAŞA İnşaat” MMC-nin (PASHA Construction) baş icraçı direktoru Nigar Əliyeva, “Kapitalbank”ın İdarə Heyətinin üzvü Kamal Abdullayev, Britaniya Biznes Qrupunun sədri Con Patterson, “SOCAR Kapital”ın CEO-su Samir Kərimli, Dünya Bankının Azərbaycan üzrə meneceri Stefani Stallmayster layihələri dinləyib, uşaqlara startaplar barədə suallar verirlər.

“MiniBoss Business School Baku”nun təsisçisi Nərminə Həsənova isə bildirib ki, “MiniBoss” biznes məktəbi tərəfindən təşkil olunan Startap Biznes Forumu uşaqların və yeniyetmələrin biznes layihələrini təqdim etməyə imkan yaradan bir meydançadır:

“Bu forum dördüncü dəfədir ki, keçirilir və hər il olduğu kimi, “MiniBoss” biznes məktəbinin şagirdləri öz qeyri-adi biznes fikirlərini təqdimat şəklində nümayiş etdirirlər, münsiflər heyəti qarşısında çıxış edirlər və layihələrə əsasən tələb olunan maliyyə dəstəyini alırlar. Bu il Startap Biznes Forumunda iştirak edəcək 17 komanda aşağıdakılardır:

“Sketchio”, “Lumeni”, “Explore Azerbaijan”, “Dill Buzz”, “Cashy”, “Special ”Me”, “Flash skateboard”, “Khari Touch”, “Imagicubes”, “Chaykhor”, “Connect & Care”, “Memory book”, “LinguaPlay”, “Cultstick”, “Az-Bathty”, “Ecoleaf”, “Meyvali”.

Bu komandalar forumda iştirak edərək müxtəlif qrantlar əldə edəcəklər. İyun ayının 8-i keçiriləcək Milli Çempionatda artıq hazır məhsul və ya xidmətlə həmin komandalar yenidən münsiflər heyəti qarşısında çıxış edəcəklər və gördükləri işlər barəsində məlumat verəcəklər. Qürurverici bir faktı da nəzərinizə çatdırmaq istərdim - 2023-cü ilin iyul ayında Şotlandiyanın Qlazqo şəhərində keçirilən dünya çempionatında məktəbimizin “Econotes” adlı layihəsinin yaradıcıları birinci yerə layiq görülüb və dünya çempionatının qalibləri seçiliblər. Həmçinin, orada təqdim olunan doqquz layihədən altısı BMT-nin dayanıqlı inkişaf məqsədləri üzrə mükafatlarını alıb və MB biznes məktəbinin Azərbaycandakı nümayəndəliyi 73 filialdan birincisi seçilib”.

Qeyd edək ki, bu il “Miniboss Business School”un tələbələri münsiflər heyətinə biznesyönümlü tekstil, əyləncə, qida, parfümeriya, İT və ekologiya sahələrini əhatə edən startaplar təqdim olunub. Çıxış zamanı gənc sahibkarlar layihələrinin biznes-planlarını təqdim etməklə ideyanın üstün cəhətləri, hədəf auditoriyası, bazar araşdırması, maliyyə hesabatı və ən əsas ideyanın reallaşması üçün ilkin kapitalı səsləndirdilər.

Xatırladaq ki, “Miniboss Business School” qlobal bazarda yenilikçi iş metodologiyalarından istifadə edən 27 ölkədə 70-dən çox filialda mövcud olan yeganə məktəbdir. Məktəb özünəməxsus metodikasına əsasən, 6-17 yaş arası uşaqların tam sahibkarlıq potensialının üzə çıxarılmasına və güclü liderlik keyfiyyətlərinin aşkar olunmasına geniş imkanlar yaradır. Beynəlxalq Təhsil Şəbəkəsi olan “Miniboss Business School” hər il olduğu kimi, bu il də sahibkarlıq üzrə 6-17 yaşlı uşaqlar və yeniyetmələr arasında Startap Forumu, milli və dünya çempionatları təşkil edir. Qeyd edək ki, bu il dünya çempionatı 29 iyun-2 iyul tarixlərində Türkiyənin İstanbul şəhərində keçiriləcək.

Daha çox foto burada: PhotoStock.az

 

Könül Cəfərli

0.10058999061584