Yüksək nəticələr də çoxdur, qəbul yerləri də: İmtahanda keçid balları necə olacaq? - FOTO

“Qəbul yerlərinin artması keçid ballarının çox qalxmasına imkan verməyəcək. Ötən ilə nisbətən bu il abituriyentlərin sayında azalma müşahidə olunmur”.

Bunu son həftələrdə keçirilən buraxılış imtahanlarında şagirdlərin yüksək nəticə əldə etməsinin qəbul imtahanlarında keçid ballarına mümkün təsirini hakimiyyet.az-a şərh edərkən təhsil üzrə ekspert Elşən Qafarov bildirib.

Onun sözlərinə görə, ümumilikdə, bu il buraxılış imtahanında 53 nəfərin maksimal bal toplaması, nəticə və səviyyələrin bir il öncəki ilə müqayisədə bu qədər yüksəlməsi bəzi suallar doğurur. Məsələn, ola bilər ki, builki suallar nisbətən asan olub:

“Nəticələrin yüksək olması, məntiqlə, keçid ballarının artmasına gətirib çıxara bilər. Yüksək bal toplayanların bir çoxu tibb və hüquqşünaslıq ixtisaslarını seçdiyi üçün adətən, burada keçid balı yuxarı olur. Həmçinin, informasiya mühəndisliyi, kompüter mühəndisliyi, robototexnika ixtisasları da populyardır və burada da eyni halı gözləmək olar”.

“2022-26-cı illərin iqtisadi inkişaf konsepsiyası”na uyğun olaraq, əvvəllər ali məktəblərə ildə 45 min tələbə qəbul olunurdusa, 2023-24-cü tədris ilində bu say 56 minə çatıb. 2024-25-ci tədris ili üçün 66 min, 2025-26-cı ildə isə 75 min nəfərin tələbə adı qazanacağı gözlənilir.

Ötən ilə nisbətən bu il abituriyentlərin sayında azalma müşahidə olunmur, lakin ali təhsil müəssisələrinin qəbul sayında artım var. Bu isə keçid ballarının çox artırılmasına imkan verməyəcək”, - ekspert bildirib.

Elşən Qafarov, həmçinin, bu il Qarabağ Universitetinə aparılacaq qəbula da toxunub:   

“Qarabağ Universiteti müasir şərtlərə cavab verdiyi üçün hesab edirəm ki, buraya qəbul olmaq istəyən tələbələrin də sayı çox olacaq. Ancaq yeni ixtisasların açılmasına baxmayaraq, hər hansı güzəşt ediləcəyini gözləmirəm, habelə keçid balları da yüksək ola bilər”.

Aliyə Rafiq

0.052286148071289