İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) Yayım Şurasının növbəti iclası keçirilib.
Bu barədə hakimiyyet.az-a İTV-dən məlumat verilib.
İclası giriş sözü ilə açan Yayım Şurasının sədri, akademik Teymur Kərimli bildirib ki, gündəlikdə Şirkətin 2023-cü il üzrə maliyyə hesabatının müzakirəsi və struktur dəyişikliyi nəzərdə tutulub.
Şirkətin baş direktoru Balakişi Qasımov ötən il üzrə maliyyə hesabatı barədə danışıb, gəlir və xərclərdən bəhs edib.
Daha sonra ayrı-ayrı sahələr və layihələr üzrə Maliyyə departamentinin direktoru Əfsər Dadaşovun məruzəsi dinlənilib. Müzakirələrdən sonra hesabat qənaətbəxş qiymətləndirilib.
Şirkətdə struktur dəyişikliyi zərurətindən danışan Balakişi Qasımov bildirib ki, məqsəd iş əmsalının daha da yüksəldilməsidir. Baş direktorun təklifi ilə şirkətin Mərkəzi Aparat rəhbəri Günel Osmanovanın baş direktor müavini vəzifəsinə keçirilməsinə baxılıb.
Müzakirələrdən sonra təklif məqsədəuyğun hesab edilib.
İclasda cari məsələlər müzakirə edilib, Yayım Şurasının sədri Teymur Kərimli, şura üzvləri - Zemfira Qafarova, Azər Həsrət, Yusif Babanlı, Azər Əliyev, Sevil Yusifova öz fikir və təkliflərini səsləndiriblər.