Yeni qərar əlillik dərəcələrinin verilməsinə necə təsir göstərəcək? - AÇIQLAMA + FOTO

Nazirlər Kabineti “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nda dəyişiklik edilməsi barədə qərar .

Bəs, yeni qərar əlillik dərəcələrinin verilməsinə necə təsir göstərəcək?

hakimiyyet.az xəbər verir ki, məsələ ilə bağlı millət vəkili Vüqar Bayramov şəxsi “Facebook” hesabında paylaşım edib.

Onun sözlərinə görə, qiymətləndirmə göstərir ki, son qərar əlillik dərəcələrinin verilməsini asanlaşdıracaq:

“Belə ki, müddət gözlənilmədən göndəriş (Forma-88) verilməsinə əsas verən xəstəliklərin sayı 73-ə çatdırılır. Bu qəraradək bu siyahıda yalnız 5 xəstəlik var idi. Bu o deməkdir ki, müddət gözlənilmədən göndəriş verilməsinə əsas verən xəstəliklərin siyahısına 68 xəstəlik əlavə olunur. Deməli, səhhətində bu xəstəliklərdən hər hansı biri müəyyən olunan vətəndaşlarımız üçün müddət gözlənilmədən göndərişlər veriləcək”.

Millət vəkili qeyd edib ki, bu qəraradək həkim-məsləhət komissiyaları tərəfindən əlilliyinin qiymətləndirilməsi məqsədilə göndərişlərin rəsmiləşdirilməsi üçün minimum 6 ay müalicə müddəti tələb olunurdu:

“Artıq həmin xəstəliklər üzrə bu müddətə ehtiyac olmayacaq. “Müddət gözlənilmədən Forma-88” rəsmilləşdiriləcək”.

Vüqar Bayramov bildirib ki, digər mühüm məqam, əlilliyin qiymətləndirilməsi məqsədilə təkrar müraciət zamanı xəstəliyin klinikası nəzərə alınmaqla minimal müalicə müddətləri müəyyən olunmasıdır:

“Bununla yanaşı, göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərar artıq dərhal qəbul ediləcək. Əvvəllər bunun üçün 3 gün müddət müəyyənləşdirilmişdi”.

“Bütövlükdə, yeni qərar əlillik dərəcələrinin verilməsi proseduralarını azaltmaqla yanaşı, bu sahədə əlçatanlığı artıracaq”, - deyə millət vəkili vurğulayıb.

0.060580968856812