Pərvanə Vəliyeva: “Azərbaycan COP29-da ölkələr arasında körpü rolunu oynamaq üçün səy göstərir”

“Azərbaycan COP29-da Qlobal Şimal və Qlobal Cənubu bir araya gətirmək, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü rolunu oynamaq kimi ümumbəşəri hədəflərə nail olmaq üçün səylər göstərir”.

“Report” xəbər verir ki, bunu COP29 Təşkilat Komitəsinin üzvü Pərvanə Vəliyeva bu gün İtaliyada keçirilən G7 ölkələrinin vətəndaş cəmiyyəti sammitində “G7 Bioloji Müxtəliflik üzrə COP16 və İqlim üzrə COP29-da çoxtərəfli danışıqların uğurlu nəticəsini necə dəstəkləyə bilər” adlı plenar iclasda çıxışı zamanı deyib.

O qeyd edib ki, Azərbaycan bütün maraqlı tərəfləri dinləmək və onların maraqlarına cavab verəcək mövqe formalaşdırmaq və yeni hədəf və təşəbbüslərlə qlobal iqlim problemlərinə diqqət yetirilməsi məsələlərini gündəmdə saxlayır.

P.Vəliyeva iqlim dəyişikliyi ilə mübarizədə mövcud ədalətsizlikdən də bəhs edib.

“Bugünkü iqlim dəyişikliklərində dərin müstəmləkəçilik var, dünyanın şimal hissəsindəki temperatur yüksəlişi tropik ölkələrdə həssas icmalar tərəfindən xüsusilə kəskin şəkildə hiss olunur. İqlim dəyişikliyi insan hüquqlarına əsaslanır, iqlim dəyişikliyinin yükü və həmçinin mübarizəyə dəstək ədalətli şəkildə olmalıdır” - o vurğulayıb.

COP29 Təşkilat Komitəsinin üzvü söyləyib ki, vətəndaş cəmiyyəti iqlim dəyişikliyi ilə mübarizədə, iqlim dəyişikliyi ilə bağlı beynəlxalq danışıqlar proseslərində əsas rol oynayır:

“Vətəndaş cəmiyyəti dəyişiklik üçün katalizator rolunu oynayır, kütləvi hərəkatları stimullaşdırır və dünya liderlərini hərəkətlərinə görə məsuliyyətə cəlb edir. Vətəndaş cəmiyyətinin konstruktiv iştirakı, üzv dövlətlər, icmalar və əsas qruplar, eləcə də digər maraqlı tərəflər arasında çoxtərəfli dialoq COP29-un uğurla həyata keçirilməsi üçün əsas rollardan birini oynayacaq”.

P.Vəliyeva vurğulayıb ki, G7 ölkələrinin iqlim danışıqları zamanı konsensusa nail olunmasında konstruktiv rol oynaya və əlavə iqlim maliyyəsinin səfərbər edilməsini dəstəkləyə bilər.

COP29-ın şüarı ilə çıxışını yekunlaşdıran P.Vəliyeva sammit iştirakçılarını Bakı COP-unda fəal iştirak etməyə dəvət edib.

0.58370113372803