Afrikadakı keçmiş müstəmləkələrindən qovulan Fransa dənizaşırı ərazisi hesab edilən Yeni Kaledoniyada da eyni halla üzləşə bilər. Rəsmi Paris üçün bu təhlükə hər keçən gün artır. Antifransız aksiyalar o həddə çatıb ki, Emmanuel Makron hökuməti arxipelaqda fövqəladə vəziyyət elan edib. Hətta prezident başda olmaqla nümayəndə heyəti arxipelaqda gərginliyi aradan qaldırmaq üçün ora səfər də edib. Lakin adanı ram etmək səyləri nəticəsiz qalıb. Yerli əhali arasında antifransız əhvali-ruhiyyə azalana oxşamır. Hadisələrin gedişi onu deməyə əsas verir ki, Paris zor gücünə gərginliyi azaltsa da, vəziyyət səngiməyəcək.
Səbəb də odur ki, Fransa problemlərin kökünü axtarmağa çalışmır, çıxış yolunu digər dövlətləri ittiham etməkdə görür. Məsələn, Yeni Kaledoniyada yaşanan gərginliyə görə bu ölkənin daxili işlər naziri Jerar Darmananın Azərbaycanı günahlandırmasını yada salaq. Əsassız, heç bir fakt ortaya qoymayan nazir Azərbaycanın adadakı etirazlara dəstək nümayiş etdirdiyini iddia etmişdi. Halbuki Azərbaycan, sadəcə, neokolonializmə qarşı mübarizəni prioritet elan edib, müstəmləkəçiliyə qarşı mübarizə yönündə maarifləndirmə tədbirləri keçirir.
Gəlinən əsas qənaət odur ki, demokratiya, insan hüquq və azadlıqları ilə bağlı problemləri dövlətlərin daxili işi deyil, ümumbəşəri məsələlər hesab edən Yelisey sarayının ikiüzlülüyü və riyakarlığı Yeni Kaledoniya məsələsində üzə çıxır. Adada müstəqillik tərəfdarlarına qarşı repressiv siyasət aparır, insanları həbsə atdırır, problemlərini qulaqardına vurur. Fransa bir tərəfdən dünyaya car çəkir ki, xalqların öz müqəddəratını təyin etmək kimi toxunulmaz və müqəddəs hüquqları var, ona toxunmaq olmaz. Yeni Kaledoniyada törətdikləri isə bunun əksini deyir.
Yeri gəlmişkən, uzun illərdir Qarabağda erməni separatizminə dəstək verən, Cənubi Qafqazda gərginlik yaratmaqda maraqlı olan Paris nəzarətində olan media ilə ölkəmizin ünvanına hədyanlar yağdırmağa çalışıb. "Le Point" və digər bu kimi yerli Fransa mətbuatında Azərbaycana qarşı qarayaxma kampaniyası daha da genişlənib. Azərbaycan XİN-in yaydığı cavab şərhində də bildirilib ki, Fransanın "demokratiya" pərdəsinə bürünərək Azərbaycana qarşı həyata keçirdiyi kampaniya onun xarici siyasətinin uğursuzluğunun ört-basdır edilməsi cəhdidir.
"Bununla yanaşı, dünyaya "demokratiya dərsi" keçməyə çalışan Fransanın beynəlxalq hüquqi pozuntuları, neokolonial siyasəti, irqçilik, diskriminasiya, islamofobiya, insan hüquqlarının məhdudlaşdırılması kimi fəaliyyəti hər kəsə məlumdur. Buna görə də Azərbaycanı "diktatura" adlandırmazdan əvvəl, Fransanın bu fəaliyyətindən dərs çıxarması faydalı olardı. Fransa tərəfi əmin olmalıdır ki, ölkəmizə qarşı həyata keçirdiyi kampaniya, səsləndirilən nalayiq ifadələr və təxribatlar cavabsız qalmayacaq", - Azərbaycan XİN-in rəsmisi Ayxan Hacızadə bildirib.
Makron hakimiyyəti nəzarətində olan mediaya "hücum" əmri versə də, dünya mediasında Yelisey sarayının uğursuzluqları sərt tənqid olunur. Məsələn, Britaniyanın "Spectator" nəşrində dərc olunan materialda vurğulanır ki, Makronun imperiyası gözlər önündə dağılmaq üzrədir. Nəşrin şərhçisi Conatan Miller yazır ki, Makronun prezidentliyi dövründə ölkənin kolonial imperiyası tədricən dağılır. Makronun yeni Kaledoniyaya səfərini şərh edən ekspert vurğulayıb ki, Fransa lideri imperator rolunu oynamağa çalışır. Lakin bəlli olur ki, imperiya sözün əsl mənasında göz önündə dağılır. Onun qənaətincə, hətta optimist əhvali-ruhiyyədə olan Makron belə yeni Kaledoniyanın necə fəlakətli həddə olduğunu, oranın vətəndaş müharibəsi mərhələsinə çatdığını görməyə bilməz.
Qeyd edək ki, Yeni Kaledoniyada yerli əhali olan kanaklar və gəlmə Fransa vətəndaşları birlikdə yaşayırlar. Ada xüsusi administrativ ərazi vahidi olduğu üçün kanakların bir sıra üstünlükləri var. Makron hökuməti isə müstəqillik və sair ilə bağlı keçiriləcək referendumların nəticəsini dəyişmək üçün Fransadan gələnləri də yerli əhali kimi təqdim edir. Onlar da öz növbəsində Kaledoniyanın Fransanın tərkibində qalmasına səs verirlər. Bu mübarizə artıq uzun illərdir ki davam edir.
Yeni Kaledoniyanın təxminən 300 min əhalisi var. Sakinlərin 40 faizini kanaklar təşkil edir. Adada təxminən 40 mindən çox fransız yaşayır. 1998-ci il "Numea sazişi"nə əsasən, Fransa bölgəyə daha çox siyasi muxtariyyət verməyə, əyalət və parlament seçkilərində səsverməni "yalnız ovaxtkı sakinlərlə" məhdudlaşdırmağa razılaşıb.
Yeni Kaledoniyada müstəqillik üçün dörd dəfə referendum keçirilib, boykotdan öncəki səsvermədə kiçik fərqlə (53,26%) Fransanın tərkibində qalmaq istəyənlər qalib gəlib. Buna baxmayaraq, müstəqillik istəyənlərin sayı getdikcə artır.
Makronun siyasətinin nəticəsi - Avropa seçkilərində sağçılar qalib gələ bilər
Makronun yarıtmaz siyasəti tək Yeni Kaledoniya və keçmiş müstəmləkələrlə kifayətlənmir. Bu yarıtmaz siyasət artıq özünü bir çox məsələlərdə göstərir. Fransada keçirilən sorğunun nəticələri Makron üçün acınacaqlı nəticələr üzə çıxarıb. İyun ayında keçiriləcək Avropa Parlamenti seçkilərində Fransanın ifrat sağçılarının uğur qazanacağı vurğulanır. Gözlənilən uğur Avropa siyasətini yenidən formalaşdıra bilər. Təhlilçilər sağların yeni koalisiya yarada biləcəklərini və avropayönlü partiyaları zəiflədə biləcəklərini irəli sürürlər.
"Euronews"un eksklüziv sorğusuna əsasən, Avropa Parlamentinə keçiriləcək seçkilərdə ifrat sağçı Marin Le Pen səslərin (31,1%) əksəriyyətini qazana bilər. Ondan sonra prezident Emmanuel Makronun partiyası (17,5%) və sosialistlər (12,2%) gəlir. Son proqnozlara görə, Avropa Parlamentinin yeni tərkibində avroskeptiklər və millətçilər yerlərin 25%-ni ala bilər. Bu da öz növbəsində hazırda mərkəz - sağ və solda mandatların əksəriyyətinə sahib olanların - Avropa Xalq Partiyası, sosial-demokratlar, "Yenilənən Avropa" fraksiyası və "Yaşıllar"ın vəziyyətini çətinləşdirəcək. Prezident Emmanuel Makronun "Renessans" Partiyası hazırkı parlamentdə "böyük koalisiya"da aparıcı rol oynayır, lakin seçkilərdə uğursuzluq bu siyasi ittifaqı məhv edə bilər.
Daxili problemlər artır
2017-ci ildən ölkəni idarə edən Makron üçün digər problem sosial məsələlərlə bağlıdır. Sosial gərginlik o həddə çatıb ki, hökumət ölkə prezidenti Emmanuel Makronun iqtisadi islahatları çərçivəsində işsizlik müavinətlərini azaltmaq qərarına gəlib. İslahat çərçivəsində müavinətlərin ödənilmə müddəti 18 aya endiriləcək. Hökumətin bu ilin dekabr ayının əvvəlindən dəyişikliklər edəcəyi gözlənilir.
Beləliklə, qeyd olunan faktlar müasir Fransanın necə acınacaqlı vəziyyətə salındığını təsdiqləyən az sayda faktlardan bəzisidir. Problemlər tək xarici siyasət məsələlərini əhatə etmir, bu problemlər artıq milli fəlakət həddinə çatıb. Şübhəsiz ki, Makron hökumətinin yarıtmaz siyasətinin ən ciddi fəsadı sağların güclənməsidir. Bu isə miqrantların çoxluq təşkil etdiyi ölkəni vətəndaş müharibəsinə sürükləyə bilər.
"Report" İnformasiya Agentliyi