Azərbaycanlı zəvvarların ilk qrupu həccə yola düşdü

İyunun 4-də Azərbaycandan həcc ziyarətinə ilk zəvvar qrupu yola düşüb.

hakimiyyet.az xəbər verir ki, onları yola salmaq üçün ilk dəfə olaraq Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli Heydər Əliyev adına Beynəlxalq Hava Limanına gəlib. O, həcc ziyarətinə gedənlər üçün dualarını çatdırıb, uğur arzulayıb:

"Azərbaycandan olan ilk zəvvar qrupunu, bacı və qardaşlarımızı həcc ziyarətinə yola salmaq üçün gəlmişik. Onların ikinci ölkəsi olan Səudiyyə Ərəbistanına gedirlər. Əmin ola bilərsiniz ki, Səudiyyə Ərəbistanının kralı, vəliəhdi bütün imkanları səfərbər ediblər ki, həcc ziyarətinə gələn zəvvarlara gözəl xidmət göstərsinlər.

Allahdan istəyirəm ki, onların həcc ziyarəti qəbul olsun. Arzu edirəm ki, Azərbaycana gözəl xatirələrlə və sağlam şəkildə geri dönsünlər.

190 ölkədən gələn müsəlmanların idarə olunması heç də asan məsələ deyil. Müxtəlif mədəniyyətlərə sahib olan və müxtəlif yaşda olan insanları idarə etmək çətindir, bu, çox iş tələb edir, lakin şükür Allaha ki, Səudiyyə Ərəbistanı Krallığı bu cür insan axınlarını idarə etməkdə böyük təcrübəyə malikdir. Bu da öz -özünə yaranmayıb. Səudiyyə Ərəbistanın təqdim etdiyi xidmətlərin nəticəsidir. Allahın qonaqları üçün bütün xidmət imkanlarının hamısını bu sahəyə səfərbər edirlər. Mənim də bu gün burada olmağım, Azərbaycandan olan zəvvarları ilk dəfə yola salmağım - bu ölkəyə olan qardaşlıq hörmətim və diqqətimdir. Arzu edirəm ki, sağ-salamat öz ölkələrinə geri qayıtsınlar".

"Bu gün bizim birinci təyyarəmiz yola düşür. Digər zəvvar qrupu isə günorta saatlarında səfərə yollanacaq. Ümumilikdə hər bir təyyarədə zəvvar sayı 180 nəfər təşkil edir. Bütün hacılarımızın sayı 1 500 nəfərdir".

Bunu hakimiyyet.az-a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Bəxtiyar Nəcəfov bildirib. Onun sözlərinə görə, proses mərhələli şəkildə davam edəcək, sonuncu zəvvar qrupunun iyunun 10-da yola salınması planlaşdırılır.

Həcc ziyarətinə ilk dəfə qatılan Mehparə Nəhmətova hakimiyyet.az-a açıqlamasında həyəcanlı olduğunu bildirib:

"Həyat yoldaşımla gedirik. Onun da ilk səfəridir. Düzdür, bundan əvvəl Məşhəd, Kərbəla ziyarətində olmuşam, amma heç vaxt belə həyəcanlı olmamışam. İndi sanki daha çox məsuliyyətlidir. Çox arzu edirdik. Özümü şanslı hesab edirəm".

On beşinci dəfədir həcc ziyarətinə gedən Cavanşir Aşurov deyir ki, ziyarətdən doymaq olmur:

"Oranı görmək lazımdır, o qədər gözəl keçir. Allah Azərbaycan xalqından razı olsun! Şəhidlərimizə rəhmət etsin! 15 dəfə getməyim boşuna deyil. Allah sizə də qismət eləsin!"

Sahibkar Zərrintac İsmayılova isə arzusunun reallaşdığı üçün ikinci dəfə həcc ziyarətinə getdiyini bildirib:

"Mən ikinci dəfədir ki, gedirəm, bir arzum vardı, o da yerinə yetib. İndi Allahın evinə gedirəm. Demişdim, Prezidentimiz seçilsin, dövlətimiz üçün əmin-amanlıq olsun. Xalqım üçün, Prezidentim üçün dua edəcəyəm".

Qeyd edək ki, Azərbaycanda həcc ziyarəti ilə bağlı sənədlərin qəbulu fevralın 12-dən başlayıb. Ziyarətin bir nəfər üçün qiyməti 5 850 ABŞ dolları təşkil edir. Xatırladaq ki, iyunun 16 və 17-də Azərbaycanda Qurban bayramıdır.

Daha çox foto burada: PhotoStock.az

Almaz Qasımova

0.054230928421021