Rusiya, Çin və İrandan birgə NÜVƏ BƏYANATI

Moskva, Pekin və Tehran hesab edirlər ki, İranın nüvə proqramı ilə bağlı Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) müddəaları hələdə qüvvədədir.

Bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) Rəhbərlər Şurasının sessiyasında yayılmış üç ölkənin birgə bəyanatında deyilir.

"İran İslam Respublikası, Çin Xalq Respublikası və Rusiya Federasiyası bu fikirdədir ki, BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsində nəzərdə tutulduğu kimi, JCPOA-nın müddəaları hələ də tətbiq olunmağa davam edir", - sənəddə deyilir.

Bəyanatda xatırladılıb ki, BMT baş katibinin müavininin məktubuna əsasən, BMT Təhlükəsizlik Şurasının rəsmi saytından daha əvvəl məhdudlaşdırıcı tədbirlərə məruz qalan 23 şəxsin və 61 strukturun siyahısı çıxarılıb.

"Lakin JCPOA-nın avropalı iştirakçıları və onlarla birlikdə bəzi digər ölkələr BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini pozaraq milli səviyyədə bu məhdudiyyətləri saxlayırlar", - birgə bəyanatda deyilir.

Qeyd edək ki, JCPOA 2015-ci ildə BMT Təhlükəsizlik Şurasının Daimi Beşliyi və Almaniya tərəfindən nüvə inkişafı ilə bağlı böhranı aradan qaldırmaq üçün İranla imzalanıb. Sənəd Tehranın nüvə fəaliyyətlərini məhdudlaşdırmaq öhdəliyi müqabilində sanksiyaların mərhələli şəkildə ləğvini nəzərdə tutub. ABŞ-nin sabiq prezidenti Donald Tramp 2018-ci ildə bu sazişdən çıxmaq qərarına gəlib.

Mənbə: TASS

0.18617916107178