Lənkəranda qəzada ölənlərin sayı 2 nəfərə çatıb.
APA-nın xəbərinə görə, həkimlərin səylərinə baxmayaraq, qəza nəticəsində ağır xəsarət alan 2014-cü il təvəllüdlü Akif Mahmudov komadan çıxmayıb.
Akif Mahmudovun meyiti artıq ailəsinə təhvil verilib.
18:46
Lənkəranda baş verən ağır qəzada xəsarət alanların adları məlum olub.
AZƏRTAC xəbər verir ki, xəsarət alanlar sürücülər, Bakı şəhər Xəzər rayonunun Binə qəsəbə sakini, 1982-ci il təvəllüdlü Məmməd Rəcəbov, Lənkəran rayonunun Haftoni kənd sakini, 1981-ci il təvəllüdlü Mühəndis Rzayev, eləcə də hər iki nəqliyyat vasitəsində sərnişin qismində olanlar, Lənkəran rayon sakini, 1967-ci il təvəllüdlü Məlahət Mahmudova, 2014-cü il təvəllüdlü Akif Mahmudov, Lerik rayonunun Bırkandul kənd sakini, 1998-ci il təvəllüdlü Alqayıt Əliyev, Bakı şəhər Binə qəsəbə sakini 2008-ci il təvəllüdlü Eldar Rəcəbli, 2013-cü il təvəllüdlü Hüseyn Rəcəblidir.
Yaralılardan 10 yaşlı Akif Mahmudov və 57 yaşlı Məlahət Mahmudovanın vəziyyətləri ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdiriliblər.
16:18
Ələt-Astara magistralında baş verən dəhşətli qəzada xəsarət alan şəxslərin son vəziyyəti açıqlanıb.
Bu barədə APA-ya TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, bu gün saat 12:40 radələrində Ələt-Astara magistral yolunun Lənkəran rayonu Boladi kəndindən keçən hissəsində baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində beş nəfər (kişi cinsli), bir nəfər (qadın cinsli), bir nəfər (uşaq) qapalı kəllə-beyin travması, çənə sümüyünün sınığı, sol kürək sümüyünün sınığı, alnın sıyrılmış yarası, sol əlin küt travması, dəqiqləşdirilməmiş koma diaqnozları ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunublar.
Yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilib, azyaşlı və bir nəfər (qadın cinsli) vəziyyətinə olaraq Reanimasiya şöbəsinə yerləşdirilib, digərlərinin müalicəsi Təcili yardım şöbəsində davam etdirilir.
Qeyd edək ki, hadisə nəticəsində bir nəfərin həkiməqədər ölüm faktı təsdiqlənib.
Lənkəran rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın xəbərinə görə, hadisə Ələt-Astara magistralının 152-ci kilometrində olub.
"Toyota Prado" və "Mercedes" markalı minik avtomobilləri toqquşublar. Qəza nəticəsində "Toyota Prado" aşıb, "Mercedes" markalı avtomobil isə ikiyə bölünüb.
Qəza nəticəsində bir nəfər ölüb, yaralananlar var.