Bakıda kişi intim münasibətdə olduğu qadını alt paltarı ilə boğdu - DETALLAR

Bakının Suraxanı rayonunda 1986-cı il təvəllüdlü Bəhruz tanışlıq münasibətlərində olduğu 1977-ci il təvəllüdlü Nigarı (adlar şərti verilib - red.) qətlə yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə ötən il avqustun 24-də Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində baş verib.

Bəhruz qəsəbədə kirayədə yaşayan, maddi gəlir qarşılığında kişilərlə intim əlaqəyə girməklə əxlaqsız həyat tərzi keçirən tanışı Nigara borc verdiyi 50 manatı geri istəyib.

Qadınla cinsi əlaqədə olmaq üçün yüngül sərxoşluq vəziyyətində onun yaşadığı mənzilə gəlib, 1 gün əvvəl verdiyi 50 manat pulun 15 manatını cinsi əlaqə qarşılığında Nigarda qalmasını deyib, qalan 35 manatı isə geri qaytarmasını tələb edib.

Nigar onun ünvanına nalayiq ifadələr işlədərək pulu qaytarmaqdan nümayişkaranə surətdə boyun qaçırıb.

Bəhruz əvvəllər 2023-cü ilin yanvar və avqust aylarında borc kimi verdiyi 500 manat pulu da qaytarmadığına görə onu öldürmək qərarına gəlib.

Bu məqsədlə mənzilin qonaq otağında çılpaq vəziyyətdə olan Nigara əlləri və təpikləri ilə ardıcıl zərbələr endirib. Sonra isə qadın alt paltarını onun boynuna dolayıb, onu boğaraq öldürüb.

"Dəfələrlə cinsi əlaqədə olmuşam"

İstintaq orqanı tərəfindən Bəhruzun barəsində Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə və ya sifarişlə, habelə zərərçəkmiş şəxsin orqanlarından və ya toxumalarından istifadə etmək məqsədilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Bəhruz özünü qismən təqsirli bilib. O, özünü Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə günahkar sayıb.

Bəhruzun sözlərinə görə, təxminən 5-6 il əvvəl o, Nigar ilə Türkan yolunun üstündə yerləşən barda tanış olub: "Nigar ilk dəfə pul müqabilində özü mənə yaxınlaşdı. O, əvvəllər başqa-başqa yerlərdə, hətta yataqxanada da qalırdı. Son 2-3 ay olardı ki, hadisə baş verən mənzildə kirayədə yaşayırdı.

Mən Nigarla dəfələrlə cinsi əlaqədə olmuşam. Nigarın bir qızı var, Türkiyədə ərdədir".

"15 manata görüşə çıxdığını bilirdim"

Bəhruz qeyd edib ki, növbəti dəfə, günorta saatlarında Nigara zəng edib, onunla görüşmək istədiyini deyib: "Nigar kənarda olduğunu, bir azdan evə gələcəyini dedi. Hövsan qəsəbəsində yerləşən kafedə 6-7 bakal pivə içdim. Sərxoş vəziyyətində yaşadığım həyətə gəldim.

Məhəllədə ağacın altında oturmuşdum, Nigarın gəldiyini gördüm. O mənə "gedək görüşməyə" dedi. Dedim, görürsən içkiliyəm, gedirəm yenə pivə içməyə. "Bu gün görüşə bilməyəcəyik?" deyə məndən soruşdu. Mən yenə pivə içmək istədiyimi söylədim.

Nigarın daim 15 manata görüşə çıxdığını bilirdim. Ona 50 manat pul uzadaraq, 35 manatı qaytarmasını istədim. Dedi ki, axşam gələrsən, 35 manatı qaytararam. Mən pivə içməyə getdim. Həmin gün Nigarın evinə gedə bilmədim".

"Hər dəfə yolda olduğunu dedi"

Bəhruzun ifadəsinə görə, növbəti gün saat 10 radələrində Hövsan qəsəbəsindəki kafeyə gedib və orada 3 bakal pivə içib:

"Sonra qonşum Əli ilə Məscid tərəfdə kafedə 4 bakal pivə içdik. Sonra dəniz kənarına gedərək çimmək istədik. Lakin su natəmiz olduğundan fikrimizdən vaz keçdik.

Nigarın mobil telefonuna zəng edərək evdə olub-olmadığını soruşdum. Nigar evə gəldiyini, artıq yolda olduğunu dedi. Bu arada mən üç dəfə Nigara zəng etdim. Hər dəfə mənə yolda olduğunu dedi".

"Ata-anasını söydüm"

Bəhruz qeyd edib ki, nəhayət, Nigar saat 21 radələrində evə gəlib və həyətdə onunla qarşılaşıb:

"Birlikdə Nigarın qaldığı evə daxil olduq. O, sərinkeşi qoşdu, mən də divanda oturdum. İlk sözüm "35-i görüm" oldu. O isə məni nalayiq sözlə təhqir edib, pulu olmadığını dedi. Mən Fərhadın kafesinin şüşəsini əlimlə təsadüfən sındırdığımı, şüşənin pulu və pivədən 10 manat borcum qaldığını, təcili pulu çatdırmalı olduğunu dedim.

Nigar pulu olmadığını bir daha təkrarladı. "Pulun yoxdur, heç olmasa 20 manat ver, aparım kafenin pulunu çatdırım" dedim. O məni nalayiq sözlərlə təhqir edərək və söhbət edə-edə cinsi əlaqədə olmaq üçün tam soyundu. Lakin alt tumanı əynində qaldı.

Ondan 50 manatın hamısını geri istədim. Nigar mənim ata-anamın ünvanına nalayiq sözlər dedi. Mən də onun ata-anasını söydüm".

"Taqətdən düşdü"

Bəhruzun ifadəsinə görə, daha sonra Nigar alt tumanını da soyunub və ona "4 dəfə ol, hesab bitsin" deyib: "Alt paltarını çıxarıb divanın üstünə ataraq lüt vəziyyətdə oldu. Sonra sərinkeşin qarşısına, döşəməyə döşək atdı. Ona "mənim ata-anamı söyürsən?.." - dedim.

Nigarın divanın üstünə atdığı alt paltatını götürdüm və onun arxasına keçdim. İki əlimdə alt paltarı ilgək şəkilində Nigarın arxadan boğazına atdım, sağ dizimi onun onurğa sütununa qoydum və özümə sarı sıxmaqla onu boğdum. Təxminən 3 dəqiqə davam etdim.

Nigar mənə əvvəl "boşla-boşla" deyib, divana əl-qol atsa da, mən boğmağa güc verəndən təxminən 2-3 dəqiqə sonra onun səsi kəsildi, taqətdən düşdü".

"Törətdiyim cinayət əməlini etiraf etdim"

Bəhruz qeyd edib ki, Nigarın tam öldüyünə əmin olandan sonra onun sinəsində oturub, "ay fahişə məni zibilə saldın" deyib: "Onun sinəsinə bir yumruq da vurdum. Mübahisə edərkən ucadan danışmamışıq. Bizim səsimizi qonşular eşitməyib. Hətta mübahisə edəndə pəncərəni də bağlamışdıq ki, səs küçəyə getməsin.

Mən Nigarın öldüyünə tam əmin olandan sonra lüt vəziyyətdə özünün yerə saldığı döşəyin üzərinə kürəyi üstə uzatdım. Bu zaman Nigara zəng gəldi. Telefonu onun sinəsinin üstünə qoydum, zəng edənin kim olduğuna baxmadan və zəngə cavab vermədən, açarla qapını çöldən bağlayıb həyətə düşdüm. Bir qədər binanın qarşısında oturdum.

Oğlumun əl telefonuna zəng edib, adam öldürdüyümü dedim. Bundan sonra yaşadığım evə gəldim, telefonumu atama verdim. Törətdiyim cinayət hadisəsini ata-anama dedim. Əlimi-üzümü yuyandan sonra Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinə getdim. Törətdiyim cinayət əməlini etiraf etdim.

Hadisədən əvvəl Nigarla cinsi əlaqədə olmamışam. Evdə Nigarla özümdən başqa heç kim olmayıb".

"Valideynlərim barəsində ağır təhqirlər etməsi olub"

Təqsirləndirilən şəxs bildirib ki, hadisədən bir neçə ay əvvəl Nigara borc olaraq 300 və 200 manat pul verib: "Geri qaytarmamasına baxmayaraq, pulumu tələb etməmişəm. Nigarın evinə getməyimdə məqsədim borc verdiyim 50 manatdan 35 manatını almaq olub. Qətli tamah məqsədilə törətməmişəm. Buna əsas da olmayıb. Nigarın maddi vəziyyəti yaxşı olsaydı, hadisədən bir gün əvvəl məndən borc pul istəməzdi.

Nigarı öldürməyimin əsas səbəbi onun valideynlərim barəsində ağır təhqirlər etməsi, nalayiq ifadələrlə küçə söyüşləri söyməsi olub. Nigarı öldürdükdən sonra onun telefonunu sinəsi üzərinə qoydum, pulqabına isə ümumiyyətlə toxunmadım".

Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Bəhruz 10 il 6 ay azadlıqdan məhrum edilib.

Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

0.13064289093018