Qubanın Qəçrəş kəndində su borusunun partlaması inanılmaz mənzərə yaradıb.
hakimiyyet.az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb.
Qeyd olunur ki, yüksək təzyiqlə çıxan su kənd sakini Şahid Məmmədovun yeni tikdiyi evi yuyub. Evə ziyan dəydiyi və zirzəmisinə su dolduğu bildirilir.
Məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə sorğu ünvanladıq.
Qurumun nümayəndəsi Anar Cəbrayıllı hakimiyyet.az-ın sorğusuna cavab olaraq faktı təsdiqləyib və qeyd edib ki, həmin boru vaxtilə Quba şəhərini su ilə təchiz edib.
"Həmin xətt əvvəllər Quba şəhərinin magistral su xətti olub, amma Qubada 2013-cü ildə yeni layihə istismara veriləndən sonra artıq o xətt Quba şəhəri üçün istismardan çıxarılıb, yalnız Qəçrəş kəndinə xidmət edir.
Qəzanın baş vermə səbəbi yağan leysan yağışları ilə əlaqədar mənbədən gələn suyun artmasıdır. Həmin xətt də Sovet dövründə çəkildiyi üçün həmin ərazidə qəza baş verib. Artıq bu gün problem aradan qaldırılacaq, xətt təmizlənəcək və yenidən həmin kəmərlə Qəçrəş kəndinə su veriləcək", - deyə A.Cəbrayıllı bildirib.
Baş vermiş hadisə nəticəsində vətəndaşa dəyən ziyana gəldikdə isə, A.Cəbrayıllı qeyd edib ki, bu sığorta hadisəsi kimi qeydə alına və sığorta tərəfindən ödənilə bilər.
Əzizə İsmayılova