İsti yay günlərində sürücülər orqanizmlərini həddindən artıq isinmədən qorumaq üçün bəzi qidalardan imtina etməlidir.
Bu barədə rusiyalı dietoloq və terapevt Antonina Savolyuk bildirib.
Onun sözlərinə görə, bədən temperaturunu kəskin artıran qidalar var.
"Bunlar ilk növbədə, yüksək zülallı qidalardır. Əgər sürücü ət, toyuq və bişmiş yumurta yeyirsə, onun qaraciyəri daha fəal işləməyə başlayacaq və beləliklə, daha çox istilənəcək. Qaraciyər ən "isti" orqandır, buna görə də, isti havada onun fəaliyyətinin artması insanın xeyrinə olmaz", - deyə mütəxəssis qeyd edib.
Həkim əlavə edib ki, isti havada şirniyyat məhsulları da qəbul etmək məsləhət deyil.
"İsti havada belə qidalar orqanizmdə turşuluq səviyyəsini artırar və sürücü özünü yorğun hiss edər. Lakin əgər sürücü dondurma yemək istəyirsə, meyvəli və ya təbii tərkibli buzu seçmək lazımdır. Plombirdən isə imtina etmək daha yaxşıdır", - deyə o tövsiyə edib.
Mütəxəssis bundan başqa təzə meyvələr, giləmeyvələr və süd məhsullarına (kefir və təbii yoqurt) üstünlük verməyi məsləhət görüb.
Savolyuk qeyd edib ki, ən yaxşısı klassik soyuq tərəvəz şorbaları (okroşka, çuğundur şorbası və s.) hazırlamaq, həmçinin mineral suya limon, zəncəfil, yaxud nanə əlavə etməkdir. Onlar təravət hissi verəcək və mədə-bağırsaq traktını sağlamlaşdıracaq.
Mənbə: Gazeta.ru