Boliviyada dövlət çevrilişinə cəhd edən general Xuan Xose Suniqa saxlanılıb.
Bu barədə Boliviya Televiziyası məlumat verib.
Ölkə prokurorluğu generalı terrorizmdə ittiham edir.
Boliviya daxili işlər naziri Karlos del Kastilyonun verdiyi məlumata görə, dövlət çevrilişinə cəhddə ən azı doqquz nəfər yaralanıb.
01:49
Boliviya Prezidenti Luis Arse ölkədə çevriliş cəhdi fonunda ordunun yeni hərbi rəhbərliyini təyin edib.
Yeni ordu rəisi general Xose Vilson Sançes hərbçilərin və jurnalistlərin iştirakı ilə and içib.
Tədbir zamanı La-Pasın Murillo meydanında xüsusi texnikanın tətbiqi səsləri eşidilib.
Qeyd edək ki, çərşənbə günü ordunun baş komandanı vəzifəsindən uzaqlaşdırılan general Xuan Xose Suniqanın rəhbərliyi ilə hərbi qulluqçular hökumət binalarının yerləşdiyi Murillo meydanına toplaşıblar. Arse demokratiyaya hörmət etməyə çağırıb və baş verənləri çevriliş cəhdi adlandırıb.
General Suniqa prezidentlə görüşüb və siyasi məhbusların azad edilməsini tələb edib.
Bundan sonra Boliviya prezidenti nazirlərin əhatəsində çevriliş cəhdi ilə bağlı xalqa müraciət edib. Dövlət başçısı əhalini demokratiya lehinə çevrilişə qarşı səfərbər olmağa çağırıb.
Mənbə: TASS, Lenta.ru, RİA Novosti
00:40
Boliviyanın keçmiş prezidenti Evo Moralesin çevrilişə cəhddə ittiham etdiyi general Xuan Xose Suniqa dövlət başçısı Luis Arse ilə görüşüb.
Görüşdən sonra hərbçilər hökumət binasını tərk ediblər. Daxili işlər naziri Karlos Eduardo del Kastillo və rəsmilər qapıda barrikadalar qurublar.
Qeyd edək ki, bundan əvvəl Suniqa ordunun baş komandanı vəzifəsindən azad edilib.
Mənbə: RİA Novosti
00:18
Boliviya ordusunun bölmələri paytaxtdakı Hökumət Sarayına zorla daxil olub.
Ölkənin keçmiş prezidenti Evo Morales keçmiş ordu komandiri Xuan Xose Suniqunu dövlət çevrilişinə cəhddə ittiham edib.
00:04
"Hərbçilər Boliviyanın de-fakto paytaxtı La-Pasda hökumət binasının qarşısındakı meydanı zəbt ediblər.
Ölkə Prezidenti Luis Arse Silahlı Qüvvələri demokratiyaya hörmət etməyə çağırıb.
"Biz Boliviya ordusunun bəzi hissələrinin qəribə hərəkətləri barədə məlumat veririk. Demokratiyaya hörmət edilməlidir", - o, "X" sosial şəbəkəsində yazıb.
Mənbə: TASS