Övladlarını sığınacağa yerləşdirənlərin göstərdiyi səbəblər: aliment, işlə bağlı xaricə getmək...

"Elə gün olub ki, sutka ərzində azyaşlı uşaqların Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə yerləşdirilməsi üçün səkkiz müraciət daxil olub. Səbəb isə ananın onları tərk etməsi, atanın aliment ödəməməsi, valideynin xaricə işləməyə getməsidir".

"Report"un məlumatına görə, bunu mərkəzin təsisçisi Kəmalə Ağazadə özünün sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, belə səbəblərə görə övladını sığınacağa yerləşdirməklə bağlı ay ərzində təxminən 50 müraciət daxil olur.

"Gün ərzində mərkəzə on aylıq - on yaş arası uşaqları sığınacağa yerləşdirmək üçün səkkiz müraciət daxil olub. Səbəblər: ana tərk edib, ata aliment ödəmir, valideyn xaricə işləməyə gedir. Ay ərzində müraciət edənlərin əksəriyyəti tək analar, uğursuz ailələrdir. Onlar qısa müddət üçün uşaqlarını sığınacağa yerləşdirmək istəyirlər. Mərkəz zorakılığa məruz qalmış uşaqları reabilitasiya etdiyi üçün hər müraciəti qəbul etmirik. Sığınacaq üçün icra hakimiyyətinin və Sosial Xidmətlər Agentliyinin birgə rəyi olmalıdır. Təbii ki, qeyri-məqbul səbəblər olduqda uşaqların qəbulu geri çevrilir", - deyə o qeyd edib.

Məsələ ilə bağlı "Report"a açıqlama verən sosioloq Üzeyir Şəfiyev bildirib ki, belə halların yaşanması ailə dəyərlərini anlamamaqdan irəli gəlir.

"Ailə dəyərdir, institutdur, sosial varislikdir. Təəssüf ki, uşaqların çoxu anaları tərəfindən böyüdülmür. Potensial analar tibbi səbəbdən asılı olmayaraq qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirirlər. Nəticədə uşaq ilə ana arasında emosional ötürmə olmur. Bu da eqoist, öz komfortu naminə uşağını sığınacağa atan anaların cəmiyyətdə çoxluq təşkil etməsinə gətirib çıxarır", - Ü.Şəfiyev deyib.

O qeyd edib ki, oğlanlarda isə atalıq instinkti zəifdir:

"Ailə qurarkən hansısa baryeri aşmış kimi hiss edirlər. Ailənin mənəvi yükünü anlamadan evlənmək kişilərdə həyat yoldaşına və övladına qarşı laqeydliyə səbəb olur. Konstitusiyaya görə, heç bir valideyn hüququ uşağın mənafeyinə zidd ola bilməz. Gənclər isə həmin hüquq və vəzifələrdən məlumatsızdırlar. Valideyn övladının bütün təhlükəsizliyini, sağlamlığını təmin etməlidir və uşaq ailə mühitində böyüməlidir".

Ü.Şəfiyev təklif edib ki, əgər ailənin maddi durumu zəifdirsə, dövlətin sosial dəstək proqramlarına müraciət etsin:

"Ailələrin maddi vəziyyətinin yaxşılaşdırılması ilə bərabər, boşanmaların qarşısının alınması üçün də cəhdlər lazımdır. Çünki boşanma dövlət üçün əlavə maliyyə yüküdür. Onsuz da, cəmiyyətdə yetəri qədər sosial həssas qruplar var".

Sosioloq təklif edib ki, məktəblərdə gənclərə ailə dəyərləri barədə müntəzəm təlimlər keçirilsin.

"Onlara dayanıqlı ailə strukturunu təlqin etmək lazımdır. Türkiyədə zəlzələ bölgəsində aztəminatlı ailələr üçün dördillik kreditlər ayrılıb. Həmin fond Azərbaycanda da yaradılsa, düşünürəm ki, ailələrin vəziyyəti müəyyən qədər düzələr", - o bildirib.

Sosioloq Lalə Mehralı isə qeyd edib ki, valideynlər xaricə işləməyə gedirlərsə və uşağı ailə üzvlərindən heç kimə əmanət edə bilmirlərsə, övladlarını dövlətə qısamüddətlik əmanət edə bilərlər.

"Bu zaman da düşünmək lazımdır ki, uşaqları yad mühitə atmaq onlara nə qazandırır, onlardan nəyi alır?! Uşaqların psixologiyasına böyük zərbə vuran amillərdən biri də boşanmadır. Boşanmaların zərbəsi təkcə ailələrə yox, dövlətə də dəyir".

Ekspert hesab edir ki, alimentin ödənməsi mexanizmində də ciddi boşluqlar var. Onun sözlərinə görə, nəzərə almaq lazımdır ki, uşaqpulu məsələsində xüsusi bir dövlət imtiyazı yoxdur, bu zaman aliment mövzusunun daha da qabardılması lazım gəlir:

"Sığınacaqda böyüyüb cəmiyyətə atılan uşaqların hər birinə dövlət tərəfindən ev verilmir. Onlar həyatda qala bilmək üçün çox vuruşurlar. Buna görə heç kəs onlara qız vermək və heç kəs oğluna kimsəsiz qız almaq istəmir. Onlar həyata 1:0 geridən başlayırlar", - deyə L.Mehralı vurğulayıb.

Psixoloq, psixoterapevt Elmir Əkbər isə öz növbəsində vurğulayıb ki, övladlarını adi səbəblərə görə sığınacağa yerləşdirmək istəyən valideynlərin psixi durumu normal ola bilməz:

"Bəzən valideynlər təbii, bioloji və psixoloji cəhətdən ailə qurmağa hazır olmayan, hətta fiziki qüsurlu şəxsləri də evləndirirlər. Təəssüf ki, bu faktlar sübut edir ki, belə ailələrdə uşaq, sadəcə, bir vasitədir".

Psixoloq hesab edir ki, uşağını səbəbsiz tərk edən valideynlər yırtıcı təbiətli insanlardır.

"Onlar bioloji baxımdan anormal varlıqlardır. Çünki valideynlik instinkti olan canlılarda, xüsusilə məməlilərdə - primatlarda valideynlik çox yüksək səviyyədə özünü büruzə verir. Onlar nə vətənə, nə də ki dost-tanışa, qohuma xeyirli insanlar deyil. Cəmiyyət belələrini qəbul etməməlidir", - o deyib.

E.Əkbər əlavə edib ki, uşağın tərk edilməsi onun üçün çox ağır psixi travmadır:

"Həmin şəxs gələcəkdə nə qədər uğurlu olsa da, həmin travmanın izini şüuraltından silə bilməyəcək. Yeganə hal - uşaq xüsusi patologiyalar ilə doğularsa, valideyn uşağı hansısa müəssisəyə yerləşdirə bilər. Çünki ailədə ona düzgün şərait qurula bilməz və ailədəki digər sağlam uşaqlar da diqqətdən kənarda qalar".

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc vəziyyətdən çıxış yolu kimi günərzi mərkəzlərin artırılmasını təklif edib.

"Hüquq-mühafizə orqanları, qəyyumluq qurumları, eləcə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birgə dəstəyi ilə kompleks tədbirlər görülə bilər. Lakin bununla yanaşı, günərzi mərkəzlərin artırılması məsələsi də aktuallığını qorumalıdır. Son illər bu barədə çox işlər görülür. Cəmiyyətin buna ehtiyacı olduğu güclü şəkildə sezilir. Ölkə miqyasında belə mərkəzlərin şəbəkələşdirilməsi, genişləndirilməsi sözügedən məsələnin həlli üçün ən yaxşı yollardan biridir", - deyə komitə sədri bildirib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq məsələləri şöbəsinin müdiri Cəmilə Bağırova belə uşaqların sığınacağa yerləşdirilmə prosesi barədə "Report"a açıqlamasında bildirib ki, dövlət bu məsələyə yetərincə həssas və diqqətlə yanaşır.

"Uşaqların sığınacaqlara və uşaq evlərinə yerləşdirmə prosesinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi nəzarət edir. Həmin sistemə hər bir vətəndaş kimsəsiz, qayğıdan kənar uşaqların məlumatlarını daxil edə bilər. Agentliyin regionlarda olan əməkdaşları portala əlavə edilmiş uşaqları və ailəni araşdırır, daha sonra vəziyyəti qiymətləndirirlər".

O qeyd edib ki, əgər söhbət valideyni olan uşaqların ana-atasının şüurlu şəkildə hər hansı iş səbəbindən övladını sığınacağa əmanət etməsindən gedirsə, bu, dövlətin məsuliyyət daşıyacağı bir məsələ deyil:

"Çünki həm uşaq evlərinin daxilində, həm də ayrı-ayrı mərkəzlər formasında günərzi məktəblər fəaliyyət göstərir. Valideynlər belə məktəblərə müraciət edə bilərlər", - o qeyd edib.

0.078619956970215