Bakıda axtarışda olan şəxs polis əməkdaşına xəsarət yetirərək qaçmağa cəhd göstərib.
hakimiyyet.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, iyulun 6-da saat 24 radələrində paytaxtın Suraxanı rayonunda əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə səkkiz dəfə məhkum edilmiş, oğurluq əməllərinə görə axtarışda olan 1983-cü il təvəllüdlü Mehman Səlahəddin oğlu Məmmədov polis əməkdaşı tərəfindən saxlanılarkən üzərində olan kəsici alətlə müqavimət göstərib.
M.Məmmədov xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşına kəsici alətlə xəsarət yetirib qaçmağa cəhd göstərib. Ağır xəsarət alan polis kapitanı Fəxrəddin Nəsirov yaralanmasına baxmayaraq, cəhdin qarşısını alıb və onu saxlayaraq digər polis əməkdaşlarına təhvil verib.
Xəsarət alan polis əməkdaşı xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.