"Texnikabank" ASC-nin (ləğv edilib) Müşahidə Şurasının sədri olmuş Etibar Əliyev dələduzluqla bağlı cinayət işinə görə uzun müddətdən sonra yenidən hakim qarşısına çıxarılmalıdır.
"Qafqazinfo"nun əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsi öz təşəbbüsü ilə baxış iclası təyin edib.
Məlumat üçün deyək ki, Etibar Əliyev və "Texnikabank"ın digər əməkdaşları 2014-cü ildə vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə dələduzluq, rəsmi sənədləri saxtalaşdırma və vəzifə saxtakarlığı ittihamları ilə cinayət məsuliyyətinə cəlb ediliblər. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxslərdən bəzilərinə 8 ilə kimi həbs cəzası, ayrıca mühakimə edilən Etibar Əliyevə isə 9 il azadlıqdan məhrumetmə cəzası verilib. Lakin məhkəmə cəzanı şərti hesab edib. Həmin vaxt zərərçəkmiş tərəf hökmdən apellyasiya şikayəti verib. Lakin məhkəmə istintaqının gedişində Etibar Əliyev ağır xəstəliyə tutulub. Bu səbəbdən 10 ildir apellyasiya baxışı dayandırılıb. Sonuncu dəfə bir il əvvəl iş üzrə yeni iclas təyin edilsə də, təqsirləndirilən şəxsin hələ də xəstəlikdən əziyyət çəkdiyi məlum olub. İcraat yenidən dayandırılıb.
Əvvəldə qeyd etdiyimiz kimi, məhkəmə öz təşəbbüsü ilə sabaha iş üzrə yeni proses təyin edib. Məhkəmə təqsirləndirilən şəxsin hələ də xəstəlikdən əziyyət çəkib-çəkməməsi barədə məlumatı öyrənmək istəyir. Sabiq bank rəhbərinin məhkəmədə iştirakını istisna edən ağır xəstəlikdən sağalması haqda rəy verilərsə, məhkəmə qaldığı yerdən davam edəcək.
Qeyd edək ki, Etibar Əliyev 2022-ci ildə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Baş İstintaq İdarəsinin sabiq rəisi, general-mayor Mövlam Şıxəliyev və digərlərinin cinayət işi üzrə məhkəmədə şahid qismində ifadə verib.