Bakının Murtuza Muxtarov küçəsində yerləşən "Axund hamamı" satışa çıxarılıb.
hakimiyyet.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə məlumat paylaşılıb.
Belə ki, bina yerli əhəmiyyətli memarlıq abidələrinin siyahısında olub. Lakin Mədəniyyət Nazirliyinin binanın üzərinə vurduğu müvafiq lövhə çıxarılıb.
Murtuza Muxtarov, 141 ünvanında yerləşən "Axund hamamı" 1885-ci ildə tikilib. Türkiyəli memar və ustaların əsaslı təmir etdikləri hamamın binası 2013-cü ilin avqustundan öz təyinatı üzrə fəaliyyət göstərib. Yerli əhəmiyyətli memarlıq abidələrinin siyahısında XIX-XX əsrlərə aid olduğu qeyd edilən hamam "3706" inventar nömrəsi ilə qeydiyyata alınıb.
Məlumatlara görə, "Axund hamamı" xüsusi mülkiyyətdədir.
Sosial şəbəkələrdə iddia edilib ki, abidə 2019-cu ildən 1.7 milyon manata satışa çıxarılıb.
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynli məsələ ilə bağlı hakimiyyet.az-ın sorğusuna cavab olaraq bildirib ki, Murtuza Muxtarov küçəsində yerləşən "Axund hamamı" yerli əhəmiyyətli memarlıq abidəsidir:
"Tarixi tikili xüsusi mülkiyyətdədir. Abidənin məlumat lövhəsinin çıxarılması barədə məlumatımız var. Məsələ araşdırılır. Məlumat lövhəsi yenidən öz yerinə bərpa olunacaq. Təəssüf ki, abidələrə bu cür yanaşma halları ilə tez-tez rastlaşırıq. Bir daha bütün vətəndaşları, mülkiyyətində və ya istifadəsində tarixi abidələr olan şəxsləri tarixi irsimizə həssas yanaşmağa çağırır, abidələrin qorunması haqqında Azərbaycan Respublikası qanunvericiliyinə riayət olunmasını tələb edirik".
Könül Cəfərli