İran tarixinin ən atletik prezidenti vahid siyasi xətti davam etdirəcək? - "KASPİ"nin ŞƏRHİ

İranın doqquzuncu prezidenti, etnik azərbaycanlı olan Məsud Pezeşkian avqustun əvvəlində parlament qarşısında and içdikdən sonra səlahiyyətlərinin icrasına başlayacaq islahatçı qanadı təmsil edən 69 yaşlı siyasətçidən gözləntilər çoxdur. Düzdür, əvvəllər də İranda "islahatçı" prezidentlər olub, amma ciddi dəyişikliklər də baş verməyib. Lakin məsələ ondadır ki, hazırda İran islahatlar aparmağa məcburdur. Həm daxildə, həm də xaricdə ciddi problemlər yaşanır. Əsas gözləntilər yeni prezidentin bu problemlərlə bağlı işlərə necə başlayacağıdır. Problemlərin həllinə isə çox vaxt lazımdır. Üstəlik, onların həlli tək İrandan asılı deyil, burada həm regional, həm də beynəlxalq amillər rol oynayır. Artıq Pezeşkian "Hizbullah" da daxil olmaqla, bölgədəki "müqavimət qüvvələri"ni dəstəkləməyə davam edəcəyini bildirib. Bu da vahid xəttin davam edəcəyini göstərir.

Vaşinqton da Pezeşkianın prezident seçilməsindən sonra İranın davranışlarında, xarici siyasətində hər hansı dəyişikliklər gözləmir. Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi deyib ki, ABŞ bu ölkənin yeni prezidenti dövründə İranla nüvə danışıqlarını bərpa etməyə hazır deyil.

"Kaspi" qəzetinin mövzu ilə bağlı məqaləsini təqdim edirik:

Pezeşkianın prezident seçilməsi İran azərbaycanlılarının problemlərinə diqqəti artıracağı ilə bağlı ümidlər yaradıb. Lakin İran konstitusiyasına görə, prezidentin elə də böyük səlahiyyətləri yoxdur və bütün qərarlar ölkənin ali dini liderindən gəlir. İran hökumətinin tənqidçiləri və dissidentlər əvvəlki seçkilərin dəyişikliyə səbəb olmadığını əsas gətirərək, budəfəki səsverməni də boykot etməyə çağırıblar.

Həkimlikdən prezidentliyə gedən yol

İxtisasca həkim olan Pezeşkian İranda nazir müavini, nazir, parlamentdə spikerin birinci müavini kimi müxtəlif vəzifələr tutub. Məhabad şəhərində doğulub. Orta təhsilini Urmiyada alan Pezeşkian hələ inqilabdan əvvəl Təbriz Universitetində tibb təhsili alıb. İnqilabdan sonra isə o, ürək və ümumi cərrahiyyə üzrə ixtisaslaşıb. 1994-cü ildən 2000-ci ilədək Təbriz Tibb Elmləri Universitetinin prezidenti postunu tutub. Məhəmməd Xatəminin formalaşdırdığı ilk hökumətdə səhiyyə və tibb təhsili nazirinin müavini, bir qədər sonra, ikinci islahatçı hökumət dövründə nazir təyin edilib. İki il dövlət vəzifələrindən uzaq olan Pezeşkian Mahmud Əhmədinecatın prezidentliyi dövründə, 2007-ci ildə Təbriz şəhərindən deputatlığa namizədliyini irəli sürüb və parlamentə seçilib. Spikerin müavini olarkən Pezeşkian deyib ki, "hökumət özü narkotik tədarükçüsü olmadıqca, narkotik asılılığına qarşı mübarizə aparmaq mümkün olmayacaq". O bildirib ki, hökumət narkotik təchizatını həyata keçirərsə, o zaman müalicəyə ehtiyacı olanları daha asan yolla sağaltmaq olar. Onun təklifi İran polisinin yüksəkrütbəli rəsmisi tərəfindən rədd edilib və bunun mümkün olmadığı bildirilib. 2018-ci ilin yayında əmək və sosial rifah naziri Əli Rabyeinin impiçmenti zamanı Pezeşkian onu müdafiə edərək, hökuməti dövlət rəsmilərinə və onların ailələrinə qarşı ittihamlara göstərdiyi dözümsüzlüyə görə tənqid edib. "Mən nazir olan zaman, övladlarımın xaricdə olduğu, qızımın isə BMW sürdüyü iddia edilirdi. Lakin övladlarım heç vaxt xaricdə olmayıblar. Onların nə avtomobilləri olub, nə də nazirliyin xidməti maşınından istifadə ediblər", - deyə Pezeşkian çıxışlarının birində deyib.

Özünün və ailəsinin adı korrupsiyada hallanmır

Pezeşkian və ailəsinin iqtisadi və büdcə məsələləri ilə bağlı şəffaflığı qoruduğu deyilir. O, İranda bir çoxunu narazı salan korrupsiya və qohumbazlıq kimi proseslərdən uzaq olub. İki il nazir olduqdan sonra parlament tərəfindən tibb sektorundakı qiymətlər, dərman, narkotik problemi, vəzifə təyinatları ittihamı ilə impiçmentə məruz qalıb. Həmin vaxt parlament spikerinin müavini olmuş Behzad Nəbəvi Pezeşkianı müdafiə edərək, səhiyyə sektorundakı boşluqların dərin köklərə malik olduğunu və bu çatışmazlıqların Pezeşkianın iki illik nazirliyi ilə əlaqəli olmadığını deyib.

Yeri gəlmişkən, Pezeşkian İran İslam Respublikası tarixinin ən savadlı prezidenti olmaqla yanaşı, həm də ən atletik siyasətçi kimi tanınır. Ətrafındakılar idmanın, xüsusilə futzalın onun gündəlik həyat tərzinin bir hissəsi olduğunu deyirlər. Pezeşkianın parlamentin iclasları başlamadan əvvəl iclas zalında idman etməsi dəfələrlə İran mediasının gündəminə düşüb.

Etirazların zorakı yolla dağıdılmasının əleyhdarı

Açıq sözlü siyasətçi kimi tanınan Pezeşkian 2009-cu ildə mübahisəli prezident seçkisindən sonra başlayan etirazların hökumət tərəfindən zorakı yolla dağıdılmasını tənqid edib. Onun bu addımı parlamentdəki mühafizəkarlar tərəfindən tənqidlərə məruz qalıb, çıxışı sessiyanın dayandırılması ilə nəticələnib. Çıxışında imam Əlinin sözlərini təkrarlayaraq, "İnsanlara vəhşi heyvanlar kimi hücum etməyin. Deməyin ki, "mən ağayam, kim səsini çıxartsa, onu əzəcəyəm" ifadələrini işlədib. Həmin vaxt parlamentin spikeri olan Qulaməli Həddad Pezeşkianın açıqlamasını sərt tənqid edərək, onu ədalətli olmağa çağırıb və seçkinin nəticələrinə etiraz edənləri qınayıb.

Beləliklə, qonşu dövlət ciddi sınaqlar qarşısındadır. Ümid etmək olar ki, yeni prezidentin dövründə Tehran daha praqmatik siyasət yürüdəcək, xüsusən qonşularla münasibətdə obyektiv olmağa çalışacaq.

0.078283786773682