İki övladı olan 43 yaşlı Nikki və əri, 40 yaşlı Raya ötən ilin sentyabrından ev heyvanlarına peşəkar qulluqla məşğul olurlar. Bunun sayəsində ailə kirayə və kommunal xidmətlərə görə minlərlə funt sterlinq qənaət edib.
hakimiyyet.az "The Sun"a istinadən xəbər verir ki, bu 11 ay ərzində onlar 20 min funt sterlinqdən (43,9 min manat) çox qənaət ediblər. İxtisaslaşmış sayta üzvlük üçün 99 funt sterlinq (təxminən 20 manat) ödəməklə, onlar Böyük Britaniya və Avropada 16 fərqli evdə dörd gündən altı həftəyə qədər yaşamaq imkanı əldə ediblər.
Qeyd olunub ki, mənzil qiymətlərinin davamlı artmasından bezən ailə 2023-cü ilin iyununda bu həyat tərzinə keçməyə qərar verib. Bir gün onlar övladlarını, səkkiz yaşlı Ziqqi və yeddi yaşlı Çerrini məktəbdən götürüb, heç bir əlavə əşya olmadan furqonda uzun bir səyahətə çıxıblar.
Əvvəllər cütlük Kentdə (Böyük Britaniya) ev kirayələmək üçün 1 200 funt sterlinq (təxminən 2,6 min manat) ödəyib və daha 400-500 funt sterlinq (təxminən 90-110 manat) kommunal xidmətlərə xərcləyib. İndi onların xərcləri mobil rabitə, qida, sığorta və yanacaqla məhdudlaşır.
Bu iş sayəsində Nikki və Raya bir çox unikal yerləri görüblər: şotland inəklərinə qulluq edərək Milad bayramını qeyd edib, İsveçrədə, Fransız Alplarında və Niderlandda yaşayıblar.
Eyni zamanda, daimi yerdəyişmə səbəbindən ailənin sağlam qidalanmaya riayət etməsi çətinləşir və uşaqlar bəzən uşaq dərnəkləri və daim ayrılmaq məcburiyyətində qaldıqları dostları üçün darıxırlar.
Lakin Nikki əmindir ki, bu həyat tərzinin müsbət cəhətləri üstünlük təşkil edir.
"Uşaqlar unikal təcrübələr əldə edir, müxtəlif mədəniyyətlər və həyat tərzləri ilə tanış olurlar", - deyə o bildirib.