Dövlətə vurulmuş ziyanın üç milyon manatdan çoxunun ödənilməsi təmin edilib

İyul ayının 16-da Bakı şəhərinin prokurorluq orqanları tərəfindən 2024-cü ilin birinci yarımilində cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib.

hakimiyyet.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Əvvəlcə müşavirə iştirakçıları ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib.

Müşavirədə çıxış edən Bakı şəhər prokuroru Elşən Abbasov 2024-cü ilin birinci yarımili ərzində ölkə Prezidenti İlham Əliyevin qətiyyətlə həyata keçirdiyi daxili və xarici siyasət nəticəsində cəmiyyətin bütün sahələrində tərəqqi və inkişafa nail olunduğunu vurğulayıb.

Həmçinin, şəhid ailələrinin, müharibə iştirakçılarının qayğılarının Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən daim nəzarətdə saxlanılmaqla, onların müraciətlərinin vaxtında həlli istiqamətində zəruri tədbirlərin görülməsi diqqətə çatdırılıb.

Daha sonra əməliyyat müşavirəsində Azərbaycan Respublikasının Baş prokurorunun müəyyənləşdirdiyi vəzifələrin icrası üzrə Bakı şəhərinin prokurorluq orqanlarının digər hüquq mühafizə orqanları ilə birlikdə cinayətkarlığa qarşı mübarizə, vətəndaş məmnunluğunun təmin olunması istiqamətində görülən işlər barədə ətraflı məlumat verilmişdiib

Qeyd olunub ki, 2024-cü ilin birinci yarımili ərzində Bakı şəhərinin prokurorluq və daxili işlər orqanları üzrə cəmi 8011 cinayət hadisəsi qeydiyyata alınıb ki, onların 88.6 %-nin açılması təmin olunub.

Bakı şəhərinin daxili işlər orqanları ilə birlikdə qarşılıqlı işgüzar münasibətlər qurulmaqla həyata keçirilən tədbirlər nəticəsində hesabat dövründə törədilən 24 qəsdən adam öldürmə cinayətlərinin açılması təmin edilib.

Qəsdən sağlamlığa ağır zərər vurma, qəsdən sağlamlığa az ağır zərər vurma, oğurluq, soyğunçuluq, quldurluq, mənimsəmə və israf etmə, qaçaqmalçılıq, ekoloji cinayətlərin, ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı azalmış, dələduzluq, hədə-qorxu ilə tələb etmə, xuliqanlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma hadisələrinin sayında isə artım müşahidə olunub.

Bildirilib ki, ümumilikdə şəhərin prokurorluq orqanları tərəfindən hesabat dövründə 124 cinayət işinin ibtidai istintaqı tamamlanıb, onlardan 89 iş baxılması üçün müvafiq məhkəmələrə göndərilib. Paytaxtın daxili işlər orqanlarının istintaq qurumları tərəfindən isə hesabat dövründə cəmi 3256 cinayət işinin istintaqı tamamlanaraq, 2570 iş məhkəmələrə göndərilib.

Bakı şəhəri üzrə prokurorluq orqanları tərəfindən ibtidai istintaqı tamamlanmış cinayət işləri üzrə ümumilikdə dövlətə, fiziki və hüquqi şəxslərə vurulmuş 6 milyon 492 min 425 manat məbləğində maddi ziyanın 3 milyon 527 min 109 manatı və ya 54.3%-nin ödənilməsi təmin edilib.

Müşavirədə həmçinin axtarışda olan, xəbərsiz itkin düşmüş şəxslərin tapılması istiqamətində intensiv istintaq və əməliyyat-axtarış tədbirlərinin aparılması ilə bağlı konkret tapşırıqlar verilib.

Vətəndaş müraciətlərinə baxılması və onların qəbulu ilə əlaqədar işin təşkilinin daim diqqət mərkəzində saxlanılması istiqamətində zəruri tədbirlərin görülməsi tələb olunub, xüsusilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş və itkin düşmüş şəxslərin ailə üzvlərinin, yaxın qohumlarının, o cümlədən sağlamlığını itirmiş vətəndaşlarımızın müraciətlərinə təxirəsalınmadan baxılmaqla, onların dərhal qəbul edilmələrinin təmin edilməsi, bu kateqoriyadan olan şəxslərə diqqət göstərilməsinin vacibliyi vurğulanıb.

"Elektron Prokurorluq" informasiya sisteminin tətbiqinin prokurorluq orqanlarında işin səmərəliliyinin artırılmasına müsbət təsiri xüsusi qeyd olunmaqla, bütün prokurorluq işçilərinin gündəlik fəaliyyətlərində sistemin imkanlarından istifadə olunmasının vacibliyi vurğulanıb.

Bakı Şəhər Prokurorluğunun əlaqədar struktur qurumları və müvafiq tabe prokurorlar tərəfindən daxili işlər orqanları ilə əlaqəli şəkildə cari ilin birinci yarımilinin nəticələrinə görə artım dinamikası müşahidə olunan cinayətlərin profilaktikası istiqamətində zəruri tədbirlərin görülməsi, eyni zamanda, cəzanın labüdlüyü prinsipinin təmin edilməsi məqsədilə bağlı qalmış qəsdən adam öldürmə cinayətlərinin açılması və təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb olunması üçün müvafiq tədbirlərin görülməsinin zəruriliyi diqqətə çatdırılıb.

Əməliyyat müşavirəsində Bakı şəhərinin tabe rayon prokurorları hesabat məruzə ilə çıxış edərək, görülən işlərin vəziyyəti barədə məlumat verib, yol verilmiş nöqsanların aradan qaldırılması üçün zəruri tədbirlərin görüləcəyini bildiriliblər.

Əməliyyat müşavirəsinə yekun vuran Bakı şəhər prokuroru Elşən Abbasov şəhər prokurorluğunun kollektivinin bundan sonra da cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsini, insan və vətəndaş hüquq və azadlıqlarının və ölkəmizdə bərqərar olmuş dayanıqlı ictimai-siyasi sabitliyin qorunması üçün səlahiyyət hədləri daxilində zəruri tədbirlərin görülməsini təmin edəcəklərinə əminliyini ifadə edib.

0.04955005645752