Əmlak bölgüsü nikaha xitam verildikdən sonra üzə çıxan əsas məsələlərdən biridir.
Əmlak bölgüsü zamanı zinət əşyaları və cehizin qaytarılması, evdə yaşamaq hüququ və digər məsələlərlə bağlı iddia ərizəsinin yazılması, sənədlərin məhkəməyə təqdim edilməsi və müdafiə üçün düzgün ünvana müraciət etmək şərtdir.
Əmlak bölgüsü Azərbaycan Respublikasının Ailə Məcəlləsi və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir. Hər iki məcəllədə nikah zamanı əldə olunan əmlakın ailənin ümumi əmlakı olduğu vurğulanır.
Boşanma zamanı mülkün bölünməsi
Mülkün bölünməsi zamanı məhkəmə bir sıra halları - həmin mülkün dövlət reyestrində qeydə alınıb alınmadığını, tərəflərin həmin əmlakı nikahdan əvvəl və ya nikah dövründə əldə etdiklərini müəyyənləşdirir.
Onu da qeyd etmək lazımdır ki, bəzi hallarda məhkəmə mülkü ərlə arvad arasında bərabər bölməyə də bilər. Bu zaman uşaqların mənafeyi nəzərə alınır. Yəni uşaqların kiminlə qalmasından asılı olaraq paylar qeyri-bərabər bölünür.
Boşanma zamanı daşınmaz əmlakın bölünməsi
Ər və ya arvad boşandıqdan sonra üç il müddətində daşınmaz əmlakın bölünməsi ilə bağlı məhkəmədə iddia qaldıra bilər. Əgər daşınmaz əmlakın birgə nikah dövründə alınması müəyyən edilərsə, məhkəmənin qərarı ilə ərə (arvada) evdə yaşamaq hüququ verilə bilər və ya satılaraq tərəflər arasında bölgü edilə bilər. Mülkün satılması mümkün olmazsa, natura şəklində bölgü aparılır.
Boşanma zamanı zinət əşyaları
Boşanma ilə bağlı məhkəmə proseslərində zinət əşyaları ən çox müzakirə olunan məsələlərdəndir. Qeyd etmək lazımdır ki, Ailə Məcəlləsinin 34-cü maddəsinə əsasən, zinət əşyaları istisna olmaqla, fərdi istifadədə olan əşyalar (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə belə, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Amma zinət əşyaları buna aid deyil.
Boşanmada cehiz
Bilmək lazımdır ki, nikaha daxil olanadək və nikah dövründə verilən istər hədiyyələr, istər hər hansı əvəzsiz əqdlər tərəflərin hər birinin şəxsi mülkiyyətindədir. Daha dəqiq desək, bu tərəflərin birgə mülkiyyəti hesab olunmur.
Boşandıqdan sonra evdə yaşamaq hüququ
Əgər mülkiyyət tərəflərin birgə yaşayış dövründə alınıbsa, boşanma zamanı tərəflər arasında yarı bölünür. Bundan əlavə, əgər qadın evləndikdən sonra həyat yoldaşının yaxud qayınata və qayınanasının evində qeydiyyata düşübsə, bu zaman ona həmin evdə yaşamaq hüququ verilir. Lakin ər buna etiraz etdikdə və qadın da həmin evdə yaşamaq istəmirsə, bu zaman ona kompensasiya verilir.
Boşanma zamanı ər-arvad arasında əmlak bölgüsü necə aparılır?
Əzizə İsmayılova