Banqladeşdə tələbələrin məşğulluq kvota sisteminə qarşı etirazlarından sonra başlayan iğtişaşlarda ölənlərin sayı 151-ə çatıb.
hakimiyyet.az TASS-a istinadən xəbər verir ki, bu barədə yerli polis və tibbi məlumatlara istinadən bildirilib.
Hüquq-mühafizə qüvvələri ilə etirazçılar arasında baş verən toqquşmalarda həlak olanlar arasında polis əməkdaşları da var.
Qeyd edək ki, iyulun 21-də axşam saatlarında ölkədə komendant saatı tətbiq edilib. Banqladeş Ali Məhkəməsi məşğulluq kvotalarının çoxunu artıq ləğv edib.
Xatırladaq ki, respublikanın müxtəlif şəhərlərindəki özəl və dövlət universitetlərindən yüzlərlə tələbə dövlət işlərinə müraciət edərkən 1971-ci il müstəqillik müharibəsi veteranlarının qohumları üçün güzəştləri ayrı-seçkilik hesab edərək küçələrə çıxıb. 170 milyon əhalisi olan ölkədə 32 milyona yaxın gənc işsizdir. Onlar hesab edirlər ki, hakimiyyət işsizliklə kifayət qədər mübarizə aparmır və Şeyx Hasinanın istefasını tələb edirlər.
Banqladeşdə etirazlar səbəbindən internet və televiziya kanalları bağlanıb, əlaqə kəsilib. Dəkkəyə və digər şəhərlərə qoşunlar göndərilib.