Türkiyənin Eskişehir bölgəsində yaşayan 67 yaşlı Muzaffer İşık adlı kişi 36 ildir ki, oturaq halda yatır.
Bu barədə hakimiyyet.az İHA-ya istinadən bildirir.
Məlumata görə, Muzaffer İşık KOAH xəstəliyindən əziyyət çəkir və yatdığı zaman ürək ritmində təzyiq əmələ gəldiyi üçün nəfəs darlığı yaşayır. Bu səbəbdən də o, yuxu ehtiyacını evdə divanda, çöldə isə stulun üzərində qarşılayır.
Yata bilmədiyi üçün daim yorğun oyanan kişinin ən böyük arzusu isə rahat yataqda sağlam bir şəkildə yuxulamaqdır.
Ayaqlarında bəzi damarları tıxanan və belinin aşağı hissəsində şişkinlik olan İşık yeriməkdə də çətinlik çəkir. O, yenidən arxasıüstə uzanacağı günlər üçün hər gün Allaha dua edir.
"Mən 36 ildir çarpayı üzü görmürəm. Həkim dedi ki, yatarkən yanında kimsə olmalıdır ki, nəfəsin kəsildiyi zaman səni oyatsın. Əks təqdirdə, anidən ölüm baş verə bilər. Səhərə qədər stulda otururam və səhər - "Bu gün də sağ qaldım", - deyə Allaha dua edirəm. Ağciyərimdə yırtıq olduğu üçün ürək ritmimə təzyiq göstərir və nəfəsim çatmır, arxasıüstə heç yata bilmirəm.
Ayaqlarım qanqren olub, odun kimi şişib. Həkimlər amputasiya lazım olduğunu dedilər, amma əməliyyat masasında qalma ehtimalım 90 faizdir. Həm də baxıcım olmadığı üçün və qardaşımla qaldığım üçün kəsdirmədim. Arxasıüstə yatmağı çox istəyirəm. Evdə səhərə qədər divanda otururam. Hər kəs yatdıqdan sonra uşaq kimi ağlayıram. "Allahım, kaş mən də belə yatardım və bir az yuxuya gedərdim", - deyə dua edirəm. Ən çox istədiyim iki şey var: biri ayaqlarım, digəri də yuxu", - deyə Muzaffer İşık yaşadıqlarından danışıb.
Türkiyədə 36 ildir oturaq halda yatan kişi: "Çarpayı üzü görmürəm, səhərə qədər uşaq kimi ağlayıram"